Məşğulluq Strategiyası 2026–2030: Əmək bazarında yeni hədəflər

Azərbaycanda əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində mühüm qərar qəbul edilib. Belə ki, ötən ay Prezident İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Yeni sənəd gələcək beş ildə kadr potensialının gücləndirilməsi, elektron xidmətlərin tətbiqi və özünüməşğulluq proqramlarının əhatə dairəsinin genişləndirilməsini hədəfləyir, yeni iş rejimi, öyrənmə metodları və s. planlaşdırılır.

Yeniliklərlə bağlı suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri Rəşad Dayıyev cavablandırıb. 

– Rəşad müəllim, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın əsas məqsədi və prioritetləri nələrdir? Bu, əmək bazarında nəyi dəyişəcək?

– Strategiyanın bir-birini tamamlayan iki mərhələdə reallaşdırılması nəzərdə tutulub. Birinci mərhələ uğurla reallaşandırılandan sonra 6 prioritet istiqaməti özündə ehtiva edən ikinci mərhələ 2026–2030-cu illər üçün Tədbirlər Planı çərçivəsində icra olunacaq. Prioritetlər sırasına aşağıdakılar daxildir:

• Məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi;

Banner

• Əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi;

• İşçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi;

• Aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi;

• Sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması;

• Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi.

Tədbirlər Planının icrası nəticəsində əhalinin məşğulluq və layiqli iş imkanlarının daha da genişləndirilməsi, məşğulluqda inklüzivliyin gücləndirilməsi, təhsil sisteminin əmək bazarının tələblərinə uyğunluğunun daha da artırılması, habelə məşğulluqla sosial müdafiə arasında mövcud əlaqələrin möhkəmləndirilməsi istiqamətində əlavə irəliləyişlərə nail olunacağı gözlənilir.

– Tədbirlər Planında əmək bazarı və təhsilin uzlaşması, bazarın tələbatına uyğun kadrların hazırlanması, tədris proqramlarının yeni tələblərə və beynəlxalq sertifikatların tələblərinə uyğunlaşdırılması kimi aktual tədbirlər də yer alıb. Bununla bağlı hansı yenilikləri görə biləcəyik? Mövcud peşə məktəbləri inkişaf etdiriləcək, yoxsa tamamilə yeni mərkəzlər açılacaq?

– Qarşıdakı dövrdə məşğulluq xidmətlərinə əlçatanlığın artırılması istiqamətində regional infrastrukturun gücləndirilməsi, regional iqtisadi inkişaf prioritetlərinə uyğun peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi, bölgələrdə işsiz və işaxtaran şəxslər üçün onlayn və hibrid təlimlərin təşkili, ərazi məşğulluq proqramlarının hazırlanması mexanizminin təkmilləşdirilməsi, aqrar sektorda əmək məhsuldarlığının artırılması üçün müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və buna uyğun kadr potensialının hazırlanması məqsədilə təlimlərin təşkili, bacarıqların yüksəldilməsi sahəsində digər tədbirlərin görülməsi də nəzərdə tutulur. Tədbirlər Planı çərçivəsində, həmçinin, özünüməşğulluq proqramının inkişafı və səmərəliliyinin artırılması sahəsində müvafiq tədbirlər nəzərdə tutulur.

Qeyd olunanlarla yanaşı, əmək bazarının tələblərinə uyğun və iqtisadiyyatın prioritet sahələri üzrə peşə təhsili proqramlarının yenilənməsi, peşə və kvalifikasiya standartlarının davamlı olaraq yenilənməsi, yeni peşə hazırlığı mərkəzlərinin yaradılması nəzərdə tutulur ki, bu da işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsinə xidmət edəcək. Növbəti mərhələdə “Peşələr üzrə elektron atlas” informasiya sisteminın yaradılması, peşə təhsili müəssisələrində təhsilverənlər üçün təkmil ixtisasartırma proqramlarının tətbiqi, müasir tələblərə uyğun sənayeyönümlü ixtisasların tədrisinin genişləndirilməsi, “yaşıl iqtisadiyyat”a keçid kontekstində müasir bacarıqların əldə olunması məqsədilə peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi də nəzərdə tutulur.

– Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı hansı tədbirlər görüləcək?

– Strategiyada əmək münasibətlərinin leqallaşdırılması istiqamətində aidiyyəti dövlət orqanları arasında əlaqələndirilmənin daha da gücləndirilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı preventiv maarifləndirmə tədbirlərinin həyata keçirilməsi kimi tədbirlər də nəzərdə tutulub. Eləcə də risk əsaslı elektron auditin aparılması ilə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin görülməsi prioritet olaraq müəyyən edilib.

– Tədbirlər Planında “iş yerində öyrənmə” ifadəsi yer alıb. Bu mexanizm kimlərə və hansı formada şamil ediləcək, əmək bazarına nə verəcək?

– Təcrübəçi kimi fəaliyyətə cəlb olunmuş şəxslərlə işəgötürənlər arasında münasibətlərin tənzimlənməsi ilə bağlı normaların təsbit edilməsi nəzərdə tutulur. Bu məqsədlə iş yerində öyrənmə ilə bağlı mütərəqqi beynəlxalq təcrübənin araşdırılması, zəruri normativ hüquqi bazanın yaradılması, bu istiqamətdə yeni mexanizmlərin formalaşdırılması işləri mərhələli şəkildə həyata keçiriləcək.

– Çevik iş vaxtı rejimi necə və hansı iş yerlərində tətbiq oluna bilər? Bu sistemin reallaşdırılması nə vaxta hədəflənir?

– Beynəlxalq Əmək Təşkilatı və digər müvafiq qurumların təcrübəsinə əsasən, çevik iş vaxtı rejimi işçiyə müəyyən edilmiş ümumi iş vaxtı normasını (həftəlik 40 saat) qorumaq şərtilə iş gününün başlanma və bitmə vaxtını müəyyən çərçivələr daxilində sərbəst seçmək imkanı verən iş təşkili formasıdır. Ölkəmizdə çevik iş vaxtı rejiminin tətbiqi istiqamətində 2026-2030-cu illər ərzində beynəlxalq təcrübənin araşdırılması, hüquqi və institusional təhlillərin aparılması, müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması və mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Beynəlxalq praktikada çevik iş vaxtı rejimi, adətən, əsas (məcburi) iş saatları, çevik giriş-çıxış intervalları (məsələn, 06:00-10:00, 15:00-20:00) və ümumi iş vaxtı normasının dəyişməz qalması prinsipləri əsasında tətbiq edilir. Bununla yanaşı, konkret iş vaxtı çərçivələri və tətbiq mexanizmləri hər bir ölkənin milli qanunvericiliyi və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilir.

Bu cür iş rejimi daha çox informasiya texnologiyaları, maliyyə, təhsil, dövlət idarəçiliyinin inzibati və analitik istiqamətləri kimi sahələrdə, həmçinin azyaşlı uşağı olan valideynlər, əlilliyi olan şəxslər, təhsil alan, eləcə də məsafədən və ya hibrid formada çalışan işçilər üçün əlverişli hesab edilir. Fasiləsiz fəaliyyət göstərən sahələrdə isə çevik iş vaxtı rejiminin tətbiqi xüsusi tənzimləmə mexanizmləri əsasında həyata keçirilir.

Mənbə: vergiler.az