Sığorta haqqına uyğun müavinət, proaktiv təyinat, yeni məbləğlər

Qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, 2026-cı il mayın 1-dən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər, dəfn üçün birdəfəlik ödənişlər, eləcə də məcburi dövlət sosial sığortası üzrə digər ödəmələrin proaktiv qaydada həyata keçirilməsinə başlanılıb. Artıq əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin hesablanması qaydası da dəyişib. Bunun üçün işçinin tibb müəssisəsinə müraciət etməsi kifayətdir. Xəstəlik barədə arayış elektron qaydada ƏMAS-a ötürüləcək, Dövlət Sosial Müdafiə Fondu isə həmin məlumatları proaktiv qaydada əldə edərək onun əsasında işçiyə ödənişləri təmin edəcək. Artıq kağız daşıyıcılara, insan resursları sektorunun əməkdaşlarının müdaxiləsinə və s. ehtiyac qalmayacaq.

Onu da deyək ki, yeniliklərdən biri də əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərə ödəniləcək müavinətlərlə bağlıdır. Artıq həmin ödənişlər ümumi vəsaitlərdən deyil, məhz işəgötürənlərin işçi üçün ödədiyi vəsaitlər hesabına ödəniləcək. Müavinətin hesablanması qaydası da dəyişib. 

Yenilikləri iqtisadçı ekspert Anar Bayramov şərh edir.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan әvvәlki ardıcıl 4 rüb üzrә sığortaolunan üçün ödәnilmiş (hәmin dövr üçün hesablanmış) mәcburi dövlәt sosial sığorta haqqının 4 misli (qazanc) əsasında hesablanır.

Banner

Göründüyü kimi, əvvəlki redaksiyadan fərqli olaraq, artıq hesablamanın bazası işçinin son 12 aylıq gəliri deyil, əvvəlki ardıcıl 4 rüb üzrə ödənilmiş sosial sığorta haqqıdır. Әvvəlki və yeni yanaşmanın müqayisəsini misallarla izah edək.

Misal 1

İşçi 2025-ci ilin dekabr ayında əmək qabiliyyətini müvəqqəti itirmişdirsə, əvvəlki qaydaya əsasən, onun 2024-cü ilin dekabr – 2025-ci ilin noyabr ayları üzrə (son 12 ay) gəlirləri əsas götürülürdü. Yeni qaydaya əsasən, məsələn, işçi 2026-cı ilin dekabr ayında əmək qabiliyyətini müvəqqəti itirərsə, həmin tarixdən əvvəlki ardıcıl 4 rüb üzrə məlumatlar əsas götürüləcək (müvafiq olaraq, 2025-ci ilin IV rübü və 2026-cı ilin I, II və III rübləri).

Bəs niyә son 12 ayın gәlirlәri deyil, ardıcıl 4 rüb üzrә mәlumatlar әsas götürüldü? Çünki işçi rübün 2-ci və ya 3-cü ayında xəstələndikdə işəgötürən həmin rüb üzrə hesabatları növbəti dövrdə təqdim edirdi. Bu halda DSMF-yə işçinin gəlirləri barədə əlavə arayış təqdim olunmalı idi. Proaktiv sistemin tətbiqi zamanı isə işəgötürəndən əlavə sənəd tələb edilməsi avtomatlaşdırılmış mexanizmə mane olurdu. Dövlət orqanı əvvəlki ardıcıl 4 rüb üzrə sosial sığorta məlumatlarını sistem üzərindən avtomatik əldə etmək imkanına malikdir. Bu da proaktiv təyinatın tam avtomatlaşdırılmasına şərait yaradır.

Gəlir yox, ödənilən sosial sığorta haqqı

Yeni yanaşmada əsas fərq ondan ibarətdir ki, artıq işçinin faktiki gəliri deyil, onun üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqqı nəzərə alınır.

Bu dəyişiklik iki məqsədə xidmət edir:

– proaktiv mexanizmin sadәlәşdirilmәsi;
– sui-istifadә hallarının qarşısının alınması.

Misal 2

Әvvəlki qaydada müavinət 20.000 manatlıq gəlir bazası əsasında hesablana bilərdi. Yeni qaydaya əsasən isə hesablamanın bazası məhz işçiyə görə ödənilmiş sosial sığorta haqqının 4 mislidir. Tutaq ki, işəgötürən bir şəxs üçün ayda 1.000 manat məcburi dövlət sosial sığorta haqqı ödəyib. O zaman hesablama belə olacaq:

1.000 x 4 = 4.000 manat.

Qeyd edək ki, hər bir işçi “myGov” portalında aylar üzrə gəlirlərini və həmin gəlirlər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqını görə bilər. Nümunə üçün aşağıdakı cədvələ baxaq.

Cədvəldən də göründüyü kimi, aylıq əməkhaqqı məbləği 500 manat olan işçi üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı 125 manat təşkil edir:

500 x 25% = 125 manat.

Cədvəldə fevral–iyun, sentyabr–dekabr aylarında gəlir 500 manat, hesablanmış sosial sığorta haqqı isə 125 manat göstərilib. İyul və avqust aylarında isə gəlir, müvafiq olaraq, 512,56 manat və 513,49 manat olub. Buna uyğun olaraq, sosial sığorta haqqı 128,14 manat və 128,37 manat təşkil edib. Bu fərqlilik həmin aylarda əməkhaqqı fondunda (məzuniyyət ödənişi və ya digər ödənişlər səbəbilə) dəyişiklik olması ilə bağlıdır.

Beləliklə, sistemdə görünən “Hesablanmış” məbləğ işçi üzrə həmin ay üçün məcburi dövlət sosial sığorta haqqının məbləğini əks etdirir və yeni qaydaya əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında məhz bu göstəricilər baza rolunu oynayır.

Sosial sığorta faizləri və istisna hallar

Әksər hallarda (dövlət və özəl sektorda) muzdlu işçilər üzrə məcburi dövlət sosial sığorta haqqının ümumi dərəcəsi 25 faiz təşkil edir (müəyyən hissəsi işçi, müəyyən hissəsi işəgötürən tərəfindən ödənilir). Bəzi hallarda isə bu faiz nisbətləri fərqli (məsələn, 22% və 3% və ya 10% və 15%) ola bilər.

İndi isə istisnalara diqqət yetirmək lazımdır. İlk olaraq, texnologiyalar parkı rezidentləri ilə bağlı istisnanı qeyd edək. “Sosial sığorta haqqında” Qanuna əsasən, texnologiyalar parkının rezidentləri (o cümlədən proqram təminatının hazırlanması və sistem inteqrasiyası fəaliyyəti ilə məşğul olan şəxslər) üzrə müəyyən güzəştlər tətbiq edilir. Bu halda, işçinin faktiki əməkhaqqı, məsələn, 4.000 manat olsa belə, sosial sığorta haqqı minimum aylıq əməkhaqqının dörd misli məbləğindən hesablanması üçün müraciət edilə bilər. Minimum əməkhaqqı 400 manat olduğu üçün 400 x 4 = 1.600 manat baza götürüləcək.

Bu halda, sosial sığorta həmin baza əsasında hesablanır və nəticədə işçi əmək qabiliyyətini müvəqqəti itirdikdə faktiki gəlirinə nisbətən daha aşağı məbləğdə müavinət əldə edə bilər.

Həyatın yığım sığortasının müavinət məbləğinə təsiri

Әgər işçinin gəlirinin bir hissəsi həyatın yığım sığortası mexanizmi çərçivəsində sığorta şirkətinə yönəldilirsə, sosial sığorta hesablamasının bazası dəyişə və bu da müavinət məbləğinin azalmasına səbəb ola bilər.

1 yanvar 2026-cı ildən tətbiq edilən dəyişikliyə əsasən, işçinin aylıq gəliri 8.000 manatdan çox olduqda fərqli hesablamalar həyata keçirilir. “Sosial sığorta haqqında” Qanunun 14.4-cü maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərdə çalışan sığortaolunanlar üzrə aylıq gəlirin 8.000 manatdan çox olan hissəsinə tətbiq edilən sosial sığorta dərəcələri azaldılıb:

– 8.000 manatdan çox olan hissә üzrә işçi tәrәfindәn 10%,
– işәgötürәn tәrәfindәn isә 15% әvәzinә 11% hesablanır.

Beləliklə, 8.000 manatdan artıq hissə üzrə ümumi sosial sığorta yükü 25% deyil, 21% təşkil edir. Bu dəyişiklik də gələcəkdə müavinətlərin hesablanmasına təsir göstərə bilər, çünki artıq ödənilən sosial sığorta haqqı baza rolunu oynayır.

Müavinətin hesablanması qaydası

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.8-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği aşağıdakı düsturla hesablanır:

MM = TGS × OQM

burada:

MM – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği;
TGS – əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayı;
OQM – bir təqvim gününə düşən orta qazancın məbləği.

Bir tәqvim gününә düşәn orta qazanc necә hesablanır?

OQM = ÜQM / BTG

burada:

ÜQM – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancının məbləği;
BTG – həmin 4 rüb üzrə bölən təqvim günlərinin sayı.

Bölən təqvim günlərinin sayında azalma ola bilər. Bu halda, aşağıdakı düstur tətbiq edilir:

BTG = ÜTG − ÇTG

burada:

ÜTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb üzrə cəmi təqvim günlərinin sayı;
ÇTG – Qaydanın 2.13-cü bəndində göstərilən və hesablamadan çıxılan günlərin sayı.

Mənbə: vergiler.az