Fərdi sahibkarlar üçün aylıq sosial sığorta ödənişləri

2026-cı ildən etibarən, sahibkarların vergi yükü ilə yanaşı, məcburi dövlət sosial sığorta ödənişlərində də dəyişikliklər edilib. Artıq fəaliyyət sahələrinə görə ödənişlərin fərqləndirilməsinə son qoyulub. 2026-cı il yanvarın 1-dək tikinti sahəsi üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 50 faizi həcmində, ticarət və digər sahələr üzrə isə 25 faiz həcmində hesablanırdı. Həmçinin, regionlara münasibətdə əmsallar tətbiq olunurdu. “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsəydi, güzəşt müddəti başa çatdığından ticarət sahəsində həmin göstərici 50 faizədək artacaqdı, regionlara tətbiq olunan əmsallar da qüvvədən düşəcəkdi. Nəticədə fərdi sahibkarın sosial sığorta yükü artacaqdı. Bu səbəbdən, 2026-cı ildən fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqqının hesablanması ilə bağlı yeni mexanizm qüvvəyə minib.

Yeniliyi “EN Group Consulting” MMC-nin direktoru Elvin Zaidov şərh edir. 

2026-cı il yanvarın 1-dək fərdi sahibkarların özünə görə məcburi dövlət sosial sığorta haqqı bu cədvəldəki qaydada hesablanırdı:

GöstəricilərTikinti sahəsi üzrəDigər sahələr üzrə
Bakı şəhəri400 x 50% x 100% = 200 AZN400 x 25% x 100% = 100 AZN
Gəncə və Sumqayt şəhərləri400 x 50% x 90% = 180 AZN400 x 25% x 90% = 90 AZN
Digər şəhərlər400 x 50% x 80% = 160 AZN400 x 25% x 80% = 80 AZN
Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə400 x 50% x 60% = 120 AZN400 x 25% x 60% = 60 AZN
Kənd yerlərində400 x 50% x 50% = 100 AZN400 x 25% x 50% =50 AZN

2026-cı il yanvarın 1-dən etibarən “Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsində dəyişiklik edilib. Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının 15 faizindən az (yəni 400*15% = 60 manat), 100 faizindən çox (yəni 400 x 100% = 400 manat) olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında hesablanır və ödənilir. Buradan belə qənaətə gəlmək olar ki, sahibkarlar özlərinə görə məcburi dövlət sosial sığorta haqqını 60 manatdan az, 400 manatdan çox olmamaq şərti ilə hər ay üçün gəlirlərinin 2 faizi qədər hesablamalı və ödəməlidirlər. Bunu nümunələr üzrə izah edək:

Banner

Misal

Fərdi sahibkarın 2026-cı ilin 1-ci rübü üzrə aşağıdakı gəlirləri olub:

Yanvar ayında – 2.500 manat;

Fevral ayında – 8.000 manat;

Mart ayında – 25.000 manat.

Həmin gəlirlərə əsasən hər ay üzrə nə qədər məcburi sosial sığorta haqqı ödəməli olduğunu hesablayaq:

GöstəricilərGəlirlərGəlirin 2%-iÖdənilməli olan məcburi sosial sığorta haqqı
Yanvar2.500 AZN2.500 x 2% = 50 AZN60 AZN
Fevral8.000 AZN8.000 x 2% = 160 AZN160 AZN
Mart25.000 AZN25.000 x 2% = 500 AZN400 AZN

Yanvar ayı üzrə – Fərdi sahibkar 60 manat ödəməlidir. Gəlirin 2%-i 50 manat olsa da qayda üzrə minimum aylıq əməkhaqqının 15%-dən az olmamaq şərti ilə gəlirin 2%-i nəzərdə tutulub. Minimum aylıq əməkhaqqının 15%-i 60 manat təşkil edir. 50 manat ondan kiçik olduğu üçün minimum ödəniş 60 manat olmalıdır.

Fevral ayı üzrə – Fərdi sahibkar 160 manat ödəməlidir. Minimum aylıq əməkhaqqının 15%-dən az, 100%-dən çox olmadığı üçün bu ay üçün məcburi dövlət sosial sığorta haqqı gəlirin 2%-i kimi qəbul edilir. Yəni sahibkar fevral ayı üçün 160 manat ödəməlidir.

Mart ayı üzrə – Fərdi sahibkar 400 manat ödəməlidir. Gəlirin 2%-i 500 manat olsa da qayda üzrə minimum aylıq əməkhaqqının 100%-dən çox olmamaq şərti ilə gəlirin 2%-i nəzərdə tutulub. Minimum aylıq əməkhaqqının 100%-i 400 manat təşkil edir. 500 manat ondan böyük olduğu üçün maksimum ödəniş 400 manat olacaq.

Əlavə olaraq, “İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-ci maddəsinə görə, fərdi sahibkar gəlirin məbləğindən asılı olmayaraq, aylıq olaraq minimum əməkhaqqının 4%-i qədər icbari tibbi sığorta haqqı ödəməlidir. Yəni hər ay üçün əlavə olaraq 16 manat icbari tibbi sığorta haqqı ödənilməlidir.

400 x 4% = 16 manat.

Mənbə: vergiler.az