Məsafədən işin təşkili: əmək qanunvericiliyində yeni yanaşmalar

Mövzunu “Business Service Center” MMC şirkətinin HR meneceri Günay Səmədova şərh edir. 

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı əmək münasibətlərinin təşkilində yeni iş formalarının yaranmasına səbəb olur. Bu baxımdan məsafədən (distant) iş rejimi həm ölkəmizdə, həm də beynəlxalq praktikada geniş tətbiq olunmağa başlayıb. Xüsusilə COVID-19 pandemiyası dövründə işəgötürənlərin əksəriyyəti iş prosesinin fasiləsiz davam etdirilməsi məqsədilə işçilərin məsafədən fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradıb.

Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərlə məsafədən iş anlayışı hüquqi baxımdan daha konkret şəkildə tənzimlənib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əlavə edilən 9-2-ci bəndə əsasən, məsafədən (distant) iş dedikdə əmək funksiyasının elektron, proqram-texniki və telekommunikasiya alətləri vasitəsilə müəssisədən və ya işəgötürənin yaratdığı iş yerlərindən kənarda yerinə yetirilməsi başa düşülür.

Bu anlayışdan göründüyü kimi, distant iş rejiminin tətbiqi üçün əsas şərtlərdən biri əmək funksiyasının məsafədən icra edilməsinin mümkün olmasıdır. Belə ki, bəzi vəzifələr üzrə əmək funksiyasının iş yerindən kənarda yerinə yetirilməsi texniki və ya təşkilati baxımdan mümkün olmur. Məsələn, qaynaqçı, sürücü və ya istehsalat sahəsində çalışan digər işçilərin əmək funksiyaları bilavasitə iş yerində icra edilməlidir. Bu səbəbdən həmin vəzifələr üzrə distant iş rejiminin tətbiqi mümkün hesab edilmir.

Banner

Digər tərəfdən, informasiya texnologiyaları üzrə mütəxəssis, mühasib, insan resursları üzrə mütəxəssis, dizayner və digər oxşar vəzifələr üzrə əmək funksiyaları elektron vasitələrdən istifadə edilməklə məsafədən icra oluna bilər. Bu hallarda tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə müvafiq dəyişiklik edilərək işçinin distant iş rejimində fəaliyyəti müəyyən oluna bilər.

Distant iş rejimi tam və ya qismən tətbiq edilə bilər. Məsələn, işçi həftənin müəyyən günlərində işəgötürənin ünvanında, digər günlərdə isə evdən və ya başqa məkandan fəaliyyət göstərə bilər. Bu yanaşma həm iş prosesinin səmərəli təşkilinə, həm də işçi üçün daha çevik əmək şəraitinin yaradılmasına imkan verir.

Əmək qanunvericiliyinə əsasən, distant iş rejimində çalışan işçinin əmək şəraiti ilə bağlı əlavə şərtlər tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsində müəyyən edilir. Bu şərtlərə iş vaxtının təşkili, hesabatlılıq qaydaları, kommunikasiya vasitələrindən istifadə, məlumat təhlükəsizliyi, iş avadanlıqlarının təmin olunması və digər məsələlər aid edilə bilər. Qanunvericiliyin tələblərinə əsasən, məsafədən çalışan işçilər də istehsalatda baş verə biləcək bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari qaydada sığortalanmalıdırlar.

Distant iş münasibətləri zamanı əsas hüquqi məsələlərdən biri baş vermiş hadisələrin istehsalat qəzası və ya sığorta hadisəsi kimi qiymətləndirilməsidir. Məsafədən çalışan işçi əmək fəaliyyətini yerinə yetirdiyi müddətdə müxtəlif hallarla qarşılaşa bilər və bu zaman həmin hadisənin əmək fəaliyyəti ilə nə dərəcədə bağlı olması xüsusi əhəmiyyət kəsb edir.

Praktikada hər bir hadisə ayrıca qiymətləndirilir və onun əmək funksiyasının icrası ilə birbaşa əlaqəsinin olub-olmaması müəyyən edilir. Əgər baş verən hal işçinin əmək vəzifələrinin yerinə yetirilməsi nəticəsində yaranmırsa və ya şəxsi fəaliyyətindən irəli gəlirsə, belə hadisələr adətən istehsalat qəzası və ya sığorta hadisəsi hesab edilmir. Buna görə də distant iş rejimində əmək fəaliyyəti ilə şəxsi həyat arasındakı sərhədlərin müəyyən olunması hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır.

Nəticə etibarilə, distant iş modelinin tətbiqi həm üstünlüklər, həm də müəyyən hüquqi və praktiki risklər yaradır. Bununla belə, bu model düzgün hüquqi tənzimləmə, effektiv nəzarət mexanizmləri və uyğun sığorta təminatı ilə tətbiq olunduğu halda iqtisadi yükün azaldılması, iş mühitinin optimallaşdırılması və əmək məhsuldarlığının artırılması baxımından həm sosial, həm də biznes mühiti üçün müsbət nəticələr verə bilər.

Mənbə: vergiler.az