Mövzunu “Business Service Center” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə mütəxəssisi Nihad Cavadov şərh edir.
İyulun 1-dən etibarən teatr, kino, muzey və simfonik orkestr fəaliyyətinin inkişafı məqsədilə yeni vergi güzəştləri tətbiq edilib. Yeni güzəştlər mədəniyyət sahəsində göstərilən xidmətlərin maya dəyərinin azalmasına və nəticə etibarilə qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Əlavə olaraq, dəyişikliklərin məqsədi bu sahəyə daha çox sərmayə cəlb etmək və mədəniyyət xidmətlərinin inkişafını stimullaşdırmaqdır.
Yeniliklərdən biri də mədəniyyət xidmətləri üzrə “ƏDV cashback” mexanizminin tətbiqidir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, bu sahədə göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi fiziki şəxslərə geri qaytarılır. Müəssisə və prodüserlər isə 5 il müddətinə mənfəət və gəlir vergisinin 90 faizindən azad edilib. Qeyd edək ki, əvvəllər bu güzəşt 75 faiz idi.
Misal 1
“A Production” MMC film sektorunda fəaliyyət göstərir. 2025-ci ilin iyul ayında yeni filmin çəkilişləri üçün ümumilikdə 80.000 manat xərclənir. Sentyabr ayında ekranlara çıxarılan filmin gəlirləri 230.000 manat təşkil edir. MMC 1 iyul 2025-ci ilədək mənfəət vergisindən 75% güzəşt hüququ ilə 7.500 manat mənfəət vergisi ödəyəcəkdisə, bu tarixdən etibarən məbləğ 3.000 manat olacaq:
(230.000 – 80.000) x 20% = 30.000 manat;
30.000 – (30.000 x 75%) = 7.500 manat;
30.000 – (30.000 x 90%) = 3.000 manat.
2025-ci il yanvarın 1-dən fiziki şəxslərin dövriyyəsi 45.000 manat olan (xərclər nəzərə alınmadan) bir sıra fəaliyyət sahəsi üzrə əldə etdikləri gəlirlərin 75% hissəsi gəlir vergisindən azad olunub. Bu sahələrə mədəniyyət sahəsindəki fəaliyyətlər də aid edilib. Bundan əlavə, mədəniyyət obyektlərinin yerləşdiyi torpaqlar torpaq vergisindən, müəllif hüquqlarından əldə olunan royalti gəlirləri isə 5 il ərzində 14 faizlik vergi dərəcəsi ilə vergidən azad edilib.
Misal 2
Fərdi sahibkar səsyazma studiyasında bəstəkarlıq sahəsində fəaliyyət göstərir və bəstələnən musiqinin “YouTube” platformasında yayımlanması üçün “A Production” MMC-yə 10.000 manat qarşılığında müəllif hüquqlarını satır. Bu zaman göstərilən gəlir fərdi sahibkarın royalti gəliri hesab olunur, lakin Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 14% ödəmə mənbəyindən vergiyə cəlb edilmir.
Yeri gəlmişkən, güzəşt tətbiq edilən subyektlərin sayı da artırılıb – əvvəl 2 olan subyekt sayı 6-ya çatdırılıb. Siyahıya teatrlar, muzeylər, simfonik orkestr kollektivləri və film prodüserləri də daxil edilib. Analitik nöqteyi-nəzərdən, belə genişmiqyaslı vergi güzəştləri qeyri-neft sektorunda iqtisadi aktivliyi artırır, yeni iş yerlərinin yaranmasına və yaradıcı sinfin sosial statusunun möhkəmlənməsinə şərait yaradır. Bu yanaşma sektorun rəsmi dövriyyəsinin və iqtisadi çəkisinin artmasına, yaradıcı təşəbbüslər üçün rəqabət və innovasiya mühitinin formalaşmasına səbəb olur, Azərbaycanın mədəniyyət potensialının beynəlxalq platformalarda tanıdılması üçün institusional bazanı daha da möhkəmləndirir.
Mənbə: vergiler.az