Kitabların və bütün dərsliklərin idxalı və satışı ƏDV-dən azad edilir

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Milli Məclisə daxil olmuş Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı bu gün parlamentdə ictimai müzakirə təşkil olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə keçirilən müzakirələrdə Milli Məclisin deputatları, Azərbaycan nəşriyyat evlərinin, kitab satışı şəbəkələrinin, media qurumların nümayəndələri iştirak edir.

Qanun layihəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin bu sahəyə diqqətinin və qayğısının növbəti bariz nümunəsidir.

Bu sahədə ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq, ölkədə çap sənayesinin inkişafını təşfiq edərək yeni iş yerlərinin və sahibkarlığın inkişafına təkan verəcək. Çıxış edənlər dövlət başçısının bu təşəbbüsünü alqışlayıblar.

Banner

Müzakirədə həmçinin oxucularda kitaba marağın artırılması, çap məhsullarının keyfiyyətinin artırılması və kitabın populyarlaşması üçün atılacaq addımlar müzakirə edilib.

Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, hazırda ümumtəhsil müəssisələri, habelə peşə təhsili müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.

Mənbə: apa.az



TELEQRAM KANALIMIZA ÜZV OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun