Tenderlər üçün ödənilən iştirak haqqı gəlirdən çıxılırmı?

Tenderlər üçün iştirak haqqı ödəyən hüquqi və ya fiziki şəxs həmin məbləği xərc kimi gəlirlərindən çıxa bilərmi? Mənfəət və ya gəlir vergisinin hesablanması zamanı bu nəzərə alınırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Dövlət satınalmaları haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən, iştirak haqqı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən ödənilən vəsaitdir.

Adıçəkilən Qanunun 29-cu maddəsinin müddəalarına əsasən, bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, keçirilən satınalmalar zamanı malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu və kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata iştirak haqqı ödəyir. İştirak haqqının ümumi məbləğini tender predmetinin ehtimal olunan qiymətinin 0,3 faizindən və tender xərclərinin 1,2 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat müəyyən edir. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər tenderdə iştirak haqları hesabına ödənilir. Tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox olduqda fərq satınalan təşkilatın sərəncamında qalır (büdcədən maliyyələşən təşkilatlarda dövlət büdcəsinə köçürülür), az olduqda isə fərq satınalan təşkilatın hesabından ödənilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir. Bununla yanaşı Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən, həmin Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir.

Qeyd olunanlara əsasən, tenderdə iştirak üçün ödənilən iştirak haqları xidmətlərin göstərilməsi ilə bağlı olduğundan ƏDV-yə cəlb olunur və elektron qaimə-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci, 159-cu maddələri, “Dövlət satınalmaları haqqında” Qanunun 2-ci və 29-cu maddələri

Mənbə: vergiler.az

Əvəzçilik üzrə əmək müqaviləsinin tələbləri hansılardır?