İşsizlikdən sığorta ödənişinin verilməsi qaydası

birbank biznes

işsizlikdən sığorta ödənişi, yaşa görə pensiya,2021-ci ilin 11 ayı ərzində 3 367 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Misirxan Hüseynov deyib: “Dövlət orqanı və yaxud da hüquqi şəxsin ləğv edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərdə son 24 ay ərzində 12 ay sığorta stajı olduqda həmin şəxslərə itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində işsizlikdən sığorta ödənişi təyin edilə bilər. Həmin şəxslərdə son 24 ay ərzində 12 təqvim ayı işsizlikdən sığorta ödənişi üzrə staj olmadıqda və ümumiyyətlə, onların 1 il stajı olduqda minimum sığorta ödənişi məbləğındə işsizlikdən sığorta ödənişi təyin edilir.

Əmək müqaviləsinin bitməsinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslərə 3 ay müddətində minimum sığorta ödənişi təyin oluna bilər. Ancaq həmin şəxslər işsizliyin başlamasından əvvəlki 36 ay ərzində 35 aydan çox ardıcıl gələn müqavilə üzrə sığorta stajı olmalıdır”.

Şöbə müdirinin deyinə görə, sığorta ödənişi almaq hüququna malik şəxs ilk olaraq “Məşğulluq” altsistemində (və ya müvafiq məşğulluq filiallarına müraciət etməklə) qeydiyyatdan keçməlidir: “Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir”.

Agentlikdən onu da bildiriblər ki, rəsmi şəkildə işləməyən və sığorta ödənişi etməyən vətəndaşlar isə işsizliyə görə sığorta ödənişindən faydalana bilməzlər. Həmin ödənişdən daha çox şəxsin yararlanması məqsədilə qanuna dəyişiklik layihəsi də hazırlanır. Eyni zamanda, işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması da nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq, avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.

Mənbə: vergiler.az