Hərbi xidmətə çağırılan işçinin müavinətindən vergi tutulurmu?

İşçi hərbi xidmətə çağırılıb. Əmək Məcəlləsinin 74-cü maddəsi ilə əmək müqaviləsinə xitam verilib və 77-ci maddəyə əsasən, orta aylıq əməkhaqqının 3 misli miqdarında müavinət ödənilib. Həmin müavinət icbari tibbi sığorta, işsizlikdən sığorta, məcburi dövlət sosial sığortası və gəlir vergisinə cəlb edilirmi? Məsələn, işçinin əmək müqaviləsinə yuxarıdakı şərtlərlə 30.08.2026-cı il tarixində xitam verilib. Həmin ay üzrə işçinin əməkhaqqı 400 manat, 3 aylıq müavinəti isə 1.200 manat olub. Bu halda hansı məbləğ vergi və sosial ödənişlərə cəlb edilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işçi işlədiyi dövrdə müddətli hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilməsi məsələsi Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndi və 74-cü maddəsinin “a” bəndi ilə tənzimlənir. Həmin maddəyə əsasən, işçinin hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işəgötürən tərəfindən ona orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.

Vergi Məcəlləsinin 102.1.14.16-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağırılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.

Eyni zamanda, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə və “Tibbi sığorta haqqında” Qanunun 15-10-cu maddəsinə əsasən, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı işçinin əməkhaqqından hesablanır. Qeyd olunan müavinət Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əməkhaqqının tərkibinə daxil olmadığından, icbari tibbi sığorta və işsizlikdən sığorta üzrə sığorta haqlarına cəlb olunmur.

Banner

Bununla yanaşı, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, qeyd olunan müavinət üzrə azadolma nəzərdə tutulmayıb.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar

Mənbə: vergiler.az