Dövlət Gömrük Komitəsində (DGK) “Gömrük rəsmiləşdirilməsi təkmilləşdirilməsi üzrə Konsepsiya”nın icra vəziyyəti ilə bağlı onlayn iclas keçirilib.
Bu barədə DGK-dan məlumat verilib.
DGK sədri Səfər Mehdiyevin konsepsiyanın icrasının sürətləndirilməsinə dair tapşırığına əsasən keçirilən iclasda DGK sədrinin birinci müavini İsmayıl Hüseynov, Komitə sədrinin müavinləri Əsgər Abdullayev, İqbal Babayev, Cavad Qasımov və Komitənin aidiyyəti qurumlarının rəhbərləri iştirak edib.
İ.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin son illər gömrük sistemində həyata keçirdiyi mütərəqqi islahatlar ölkəmizin ixrac potensialının, tranzit imkanlarının artmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, gömrük sistemində şəffaf mühitin yaradılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə və sürətləndirilməsinə şərait yaradıb.
Gömrük orqanlarının dövlət başçısının həyata keçirdiyi islahatların uğurla reallaşdırılması məqsədilə qabaqcıl təcrübələrə əsaslanan yeniliklər, innovativ layihələr hazırlayıb həyata keçirdiyini diqqətə çatdıran İsmayıl Hüseynov “Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya”nın tətbiqi ilə gömrük sistemində mühüm təkmilləşdirilmələrin aparılacağına əminliyini ifadə edib.
O da bildirilib ki, konsepsiyanın tətbiqi vətəndaş-məmur təmasının tam aradan qaldırılmasına, elektron xidmətlərin sayının artmasına, gömrük əməliyyatlarının daha çevik və effektiv şəkildə reallaşdırılmasına, xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaradacaq.
Sonra “Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya”nın müddəaları üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, yeni konsepsiyaya əsasən xarici ticarət iştirakçısının “Vahid Uçot və Balans sistemi”nin formalaşdırılması, eyni zamanda gömrük tariflərinin tənzimlənməsi və gömrük dəyərləndirilməsində subyektiv amillərə yol verilməməsi məqsədilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında əks olunan təfsilatlı kodlaşdırılma sisteminin yaradılaraq tətbiq edilməsi planlaşdırılır.
Eyni zamanda yeni sənəddə əks olunan gömrük təmsilçiliyi sistemində təkmilləşdirilmələrin aparılması, gömrük rəsmiləşdirilməsi üçün tələb edilən sənədlərin sayının minimuma endirilməsi, xarici ticarət iştirakçısının “Şəxsi Kabinet”inin yenidən qurulması, elektron xidmətlərin çeşidi və sayının daha da artırılmasına dair müddəalar ətraflı müzakirə olunub.
Həmçinin yeni konsepsiyaya əsasən gömrük bəyannaməsinin emalı prosesində qərar qəbul edilməsi mexanizminin tam avtomatlaşdırılması, gömrük dəyəri ilə bağlı məsələlərin gömrük orqanına gəlmədən elektron qaydada həll edilməsi və sahibkarların məmnuniyyətinin təmin olunması məqsədilə digər yeniliklərin tətbiqi nəzərdə tutulur.
Sonda İ.Hüseynov DGK sədrinin tapşırıq və tövsiyələrinə əsasən müzakirələrdə səsləndirilən təklif və rəylər də nəzərə alınmaqla yeni konsepsiyanın qısa zamanda tətbiq edilməsinin zəruriliyini diqqətə çatdırıb.
Mənbə: report.az
Bax: