Ezamiyyə xərclərinin normalarına dair dəyişikliklər təsdiq edildi
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9, maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592, № 6, maddə 1368; 2019, № 4, maddə 786) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-1-ci hissə ləğv edilsin;
1.2. aşağıdakı redaksiyada 7-1-ci hissə əlavə edilsin:
“7-1. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, digər dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, ezamiyyələrin həyata keçirilməsini dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin etsinlər.”.
Mənbə: nk.gov.az