Əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sosial sığorta ödəmələrinin bir növdür. Bəs kimlərin bu müavinəti almaq hüququ vardır? Müavinətin məbləği necə hesablanır? Suallara əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.
Qanunvericiliyə əsasən, məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ vardır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir:
• xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;
• sanatoriya-kurort müalicəsi zamanı;
• xəstəlik və zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə;
• xəstələnmiş ailə üzvlərinin qulluğa ehtiyacı olduqda;
• epidemioloji hallarda karantin zamanı;
• vərəm və peşə xəstəlikləri ilə əlaqədar müvəqqəti olaraq başqa işə keçirildiyi zaman;
• protez hazırlandığı müddətdə protez-ortopedik müəssisənin stasionarına yerləşdirildikdə;
• Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ verən postvaksinal fəsadların siyahısına daxil olan postvaksinal fəsadla əlaqədar əmək qabiliyyəti müvəqqəti itirildikdə.
İpoteka predmeti olan evlərə görə əmlak vergisi ödənilirmi?
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aylıq tarif (vəzifə) maaşını, əlavə ödənişləri və mükafatları özündə birləşdirən əməkhaqqı hesabına ödənilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq xəstə sağalanadək və ya ona tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərin məbləği müavinət hesablandıqda qazanc məbləğinə daxil edilmir.
Misal: Fərz edək ki, işçi 22 dekabr 2020-ci il tarixdə əmək qabiliyyətini itirib və 21 fevral 2021-ci il tarixdə tibb məntəqəsindən müvafiq sənəd (bülleten) təqdim edib. İşçinin əmək stajının 12 il, son 12 aylıq əməkhaqqı məbləğinin aylar üzrə aşağıdakı şəkildə olduğunu nəzərə alaq:
Aylar | Aydakı iş günləri | İşlədiyi iş günləri | Əməkhaqqı (manat) |
Yanvar | 23 | 23 | 1.100 |
Fevral | 21 | 21 | 1.100 |
Mart | 20 | 20 | 1.100 |
Aprel | 21 | 21 | 1.100 |
May | 20 | 20 | 1.100 |
İyun | 15 | 15 | 1.100 |
İyul | 22 | 22 | 1.100 |
Avqust | 21 | 21 | 1.100 |
Sentyabr | 16 | 16 | 1.100 |
Oktyabr | 23 | 23 | 1.100 |
Noyabr | 20 | 20 | 1.100 |
Dekabr | 21 | 21 | 1.100 |
240 | 240 | 13.200 |
Qeyd etdiyimiz kimi müavinətin ilk 14 günü üçün ödəniş işəgötürənin hesabına, qalan günlər üçün isə sosial sığorta haqqları hesabına DSMF tərəfindən olunur.
İşçinin əmək stajı 12 il olduğu üçün ona qazancın 100 faizi miqdarında müavinət veriləcək.
Əvvəlki 12 aylıq dövrdə neçə iş gününün olduğunu tapaq. Fərz edək ki, bu dövrdə olan iş günlərinin sayı 240 gündür. Son 12 ayın qazancını 12 aydakı iş günlərinin sayına bölərək bir iş gününə düşən gündəlik qazancı hesablayaq:
13.200 : 240 = 55 manat
Daha sonra ilk 14 gündə neçə iş günü oldğunu müəyyənləşdirək. Fərz edək ki, qeyd edilən müddətdə 10 iş günü var.Deməli, işəgötürən tərəfindən ödənilən müavinətin miqdarı 10 x 55 = 550 manat olacaq.
Sosial sığorta ödənişləri hesabına olan ödəniş,qalan 16 gündə 12 iş günü olduğunu qəbul etsək, 12 x 55 = 660 manat.
Misalımızda işçinin əmək stajı 12 il olduğu üçün ona hesablanmış qazancın 100 faizi ödənilib. Əgər əmək stajı 6 il olsaydı, hesablanmış qazancın 60 faizi miqdarında ödəniş olmalı idi.
Mənbə: vergiler.az
Fiziki şəxsin qeyri-rezidentdən əldə etdiyi gəlirlərin vergiyə cəlb olunması