Vətəndaş 2006-cı ildə Xırdalanda kreditlə mənzil alıb və ödənişləri hələ davam edir. Evin krediti tam ödənilmədiyi üçün çıxarış alınmayıb. 2022-ci ilin fevral ayında bələdiyyə tərəfindən həmin mənzil üçün əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişi göndərilib. Vətəndaş əmlak vergisini ödəməlidirmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, xüsusi mülkiyyətdə olan tikiliyə görə bələdiyyəyə əmlak vergisi ödənilməlidir. Belə ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə Abşeron rayonu üzrə müəyyən olunan 0,3 manat vergi dərəcəsi tətbiq edilir.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.
Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Fiziki şəxsin mülkiyyətində olan və ipoteka predmeti olan yaşayış sahəsinin əmlak vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 197-ci və 198-ci və 200-cü maddələri
Mənbə: vergiler.az
Hüquqi şəxsin zərəri nə zaman kompensasiya edilə bilməz?