ƏDV üzrə hansı tarix əsas götürülür?

Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır:

– bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;

– qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt;

– malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt;

Banner

– natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt;

– əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt;

– tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt.

Qanunvericiliyin bu tələbini iqtisadçı ekspert Emin Səttarov şərh edir.

Mühasibat praktikasında ən çox səhv edilən məqamlardan biri ƏDV öhdəliyinin yaranması vaxtı ilə bağlıdır. Mənfəət vergisində hesablama metodu işlədiyi halda, ƏDV-də əsas qayda ödəniş prinsipidir. Yəni, malın təqdim edilməsi faktı özlüyündə ƏDV öhdəliyi yaratmır, ödəniş anı həlledicidir.

1. Ümumi qayda (Vergi Məcəlləsinin 166.1-ci maddəsi)

Vergi tutulan əməliyyatın vaxtı ödəmənin aparıldığı vaxtdır. Ödəmə isə aşağıdakı hallarda aparılmış sayılır:

– Nağd və nağdsız hesablaşmalar (Vergi Məcəlləsinin 166.1.1-ci maddəsi). Nağd pul vəsaitinin alındığı an, nağdsız formada isə vəsaitin bank və ya digər ödəniş hesabına daxil olduğu an. Burada bir incəlik var: vəsaitin birbaşa sizin hesabınıza daxil olması şərt deyil. Sərəncamçısı ola biləcəyiniz hesaba, yaxud həmin vəsaiti almaq hüququnuz olan hesaba daxil olması da ödəniş sayılır.

– Nəzarət-kassa aparatı tətbiq edilən fəaliyyət növləri (Vergi Məcəlləsinin 166.1.1-1-ci maddəsi). Məcəllənin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növlərində tarix ayrıca müəyyən olunur: ödənişin nağd və ya nağdsız olmasından asılı olmayaraq, NKA çekinin vurulduğu tarix əsas götürülür. Yəni, pərakəndə ticarətdə köçürmənin hesaba düşdüyü gün yox, çekin tarixi əsas götürülür.

– Qarşılıqlı hesablaşmalar (Vergi Məcəlləsinin 166.1.2-ci maddəsi). Öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt. Nağd pul hərəkəti olmasa belə, qarşılıqlı əvəzləşdirmə ödəniş kimi qiymətləndirilir.

– Debitor borclar (Vergi Məcəlləsinin 166.1.3-cü maddəsi). İddia müddətinin bitdiyi vaxt. Bu bənd praktikada çox vaxt yaddan çıxır: alıcı heç vaxt ödəniş etməsə də iddia müddəti başa çatdıqda ƏDV öhdəliyi avtomatik yaranır.

– Natura və barter əməliyyatları (Vergi Məcəlləsinin 166.1.4-cü maddəsi). Aktivlərin əldə edildiyi vaxt.

– Əvəzsiz təqdimetmə (Vergi Məcəlləsinin 166.1.5-ci maddəsi). Təqdimetmənin həyata keçirildiyi vaxt.

– Tələb hüququnun güzəşti (Vergi Məcəlləsinin 166.1.6-cı maddəsi). Güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt.

2. Xüsusi hallar

Vergi Məcəlləsinin 159.5-ci maddəsi tətbiq edildikdə (Vergi Məcəlləsinin 166.2-ci maddəsi). Malların qeyri-kommersiya məqsədləri üçün verilməsi, itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması hallarında hadisənin baş verdiyi gün əməliyyatın vaxtı sayılır. Yəni, inventarizasiyada aşkarlanan əskikgəlmə də ƏDV obyektidir və tarix məhz həmin gündür.

Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə (Vergi Məcəlləsinin 166.3-cü maddəsi). ƏDV qeydiyyatı ləğv edildikdə əməliyyatın vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki gün sayılır. Bu qayda ödənilməmiş debitor borclara da şamil olunur. Qeydiyyatdan çıxarkən həm qalıq mal ehtiyatları, həm də açıq debitorlar üzrə hesablama aparılmalıdır.

3. Alıcı tərəfindən borc vəsait verildikdə (Vergi Məcəlləsinin 166.4-cü maddəsi)

Alıcı malın dəyərini ödəmək əvəzinə satıcıya borc verirsə (kredit təşkilatlarının və bank əməliyyatları aparan şəxslərin verdiyi borclar istisna olmaqla):

– mal təqdim edildikdən sonra verilən borclarda borcun verildiyi vaxt (166.4.1-ci maddə);

– mal təqdim edilənədək verilən borclarda malın təqdim edildiyi vaxt (166.4.2-ci maddə).

Bu norma faktiki ödənişin borc adı altında gizlədilməsinin qarşısını alan mexanizmdir.

4. Hissə-hissə ödənişlər və avanslar (Vergi Məcəlləsinin 166.5-ci və 166.6-cı maddəsləri)

Bir əməliyyat üzrə iki və ya daha çox ödəniş aparılırsa, hər ödəniş öz məbləği həcmində ayrıca əməliyyat sayılır. Ödəniş malın təqdim edilməsindən əvvəl həyata keçirilirsə, əməliyyatın vaxtı ödənişin edildiyi vaxt hesab olunur. Diqqət yetirin: avans ödənişləri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmədiyini nəzərdə tutan müddəa artıq qüvvədən düşüb.

5. “Ödəmə” nə deməkdir (Vergi Məcəlləsinin 166.7-ci maddəsi)

Bu maddənin məqsədləri üçün ödəmə dedikdə malların, işlərin və xidmətlərin ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi başa düşülür. Yəni, yalnız ƏDV məbləğinin depozit hesabına köçürülməsi də əməliyyatın vaxtını müəyyən edən hadisədir.

Beləliklə, Vergi Məcəlləsinin 166-cı maddəsi əslində bir sual ətrafında qurulub: ƏDV bəyannaməsində hansı gün əks olunmalıdır? Yanlış müəyyən edilən tarix bir hesabat dövründə artıq, digərində əskik hesablanmaya, nəticədə isə faiz və maliyyə sanksiyasına gətirib çıxara bilər. Xüsusilə, iddia müddəti bitmiş debitorlar, inventarizasiya fərqləri və ƏDV qeydiyyatının ləğvi anı üzrə bu maddəyə mütləq diqqət etmək lazımdır.

Mənbə: vergiler.az