“Daxildə emal” xüsusi gömrük prosedurudur. Bu prosedur barədə maraq doğuran məsələlərə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə aydınlıq gətirir.
Gömrük Məcəlləsinə əsasən, “daxildə emal” müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur.
Xammalların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi yalnız istehsalçı olub, istehsal etdiyi malı ixrac edən şəxslərə şamil olunur.
“Daxildə emal” proseduru altında yerləşdirilən xarici xammallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:
• idxal gömrük rüsumları;
• malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər.
İdxalla bağlı maliyyə sanksiyasının tətbiqi
Gömrük Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, gətirilən xammalların “daxildə emal” xüsusi gömrük prosedurunun başa çatma müddəti iki ildən artıq olmamalıdır. Gömrük orqanı “daxildə emal” xüsusi gömrük prosedurunun başa çatması müddətini müraciət etmiş şəxsin emal əməliyyatlarının aparılması müddəti barədə verdiyi məlumata əsasən müəyyənləşdirir. Müəyyən edilən müddət ərzində mallar ixrac edildikdə həmin mallar idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur. İcazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı “daxildə emal” xüsusi gömrük prosedurunun başa çatması müddətinin 1 (bir) ilədək uzadılması barədə qərar qəbul edir. İcazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır.
Malların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinə kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. Ərizədə “İnzibati icraat haqqında” Qanunun 30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı, aşağıdakılar da göstərilməlidir:
• hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
• xarici malların və emal məhsullarının adları, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı;
• emal əməliyyatları barədə məlumat (texnoloji proseslər);
• daxildə emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat norması (resepturalar);
• mövcud olduqda istehsalat tullantılarının və itgilərinin adları, XİFMN üzrə kodları, XİFMN-də göstərilən ölçü vahidində miqdarı.
Elektron qaiməyə necə düzəliş etməli?
Daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən iki iş günü müddətində baxılır və malların “daxildə emal” xüsusi gömrük proseduru altında yerləşdirilməsinə kağız üzərində yazılı və ya elektron formada icazə verilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə məlumat verilir və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə bir iş günü müddətində yenidən baxılaraq, müvafiq qərar qəbul edilir.
Qeyd: “Daxildə emal” xüsusi gömrük proseduruna dair icazədə göstərilmiş müddətdə prosedur başa çatmadıqda “daxildə emal” xüsusi gömrük proseduru dəyişdirilir və mallar “sərbəst dövriyyəyə buraxılış” gömrük proseduru altında yerləşdirilir, mallara dair müvafiq gömrük rüsumları və vergilər tətbiq olunur.
Mənbə: vergiler.az
İşçinin iş vaxtından artıq işə cəlb olunmasının hüquqi aspektləri