Mən daşınmaz əmlakın alqı-satqısı sahəsində şəxsi ofisimdə vasitəçi kimi fəaliyyət göstərirəm. VÖEN açmaq üçün hara müraciət etməliyəm və vergi uçotuna durduqdan sonra nə qədər ödəniş etməliyəm?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd edilən fəaliyyətlə məşğul olmaq üçün vətəndaş, ilk növbədə, vergi orqanında uçota durmaqla VÖEN əldə etməli, daha sonra təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə”ni obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına təqdim etməlidir.
Fiziki şəxs vergi uçotuna alınarkən təqdim etdiyi ərizədə seçdiyi vergitutma metoduna uyğun olaraq, sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilər. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılıqda müəyyən özəllikləri və xüsusiyyətləri vardır.
Vergi orqanlarında uçot prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Vergi bələdçisi” bölməsindən və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə əldə edə bilərsiniz.
Mənbə: vergiler.az