Azərbaycanda maliyyə subicarəsi fəaliyyətinə icazə verilə bilər

Azərbaycanda maliyyə icarəsi müqaviləsində nəzərdə tutulduqda və ya icarəyə verənin bu barədə yazılı razılığı olduqda icarəçi maliyyə icarəsi müqaviləsinin qüvvədə olduğu müddətdə maliyyə icarəsi obyektini subicarə müqaviləsinin şərtlərinə əsasən müəyyən müddətə üçüncü şəxsin (subicarə müqaviləsinə əsasən icarəçi) sahibliyinə və istifadəsinə verə bilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Maliyyə icarəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Subicarə müqaviləsinin müddəti müvafiq maliyyə icarəsi müqaviləsinin son müddətindən artıq ola bilməz.

Subicarə müqaviləsi yazılı formada bağlanılır. İcarəçi subicarə müqaviləsinin bağlanılmasından asılı olmayaraq maliyyə icarəsi müqaviləsi üzrə öhdəliklərin icrasına görə məsuliyyət daşıyır.

Banner

Maliyyə icarəsi müqaviləsinin ləğv edildiyi və ya etibarsız hesab edildiyi hallarda subicarə müqaviləsi də müvafiq olaraq ləğv edilmiş və ya etibarsız hesab edilir.

Maliyyə icarəsinin obyekti subicarəyə verildikdə satıcıya qarşı tələb hüququ subicarə müqaviləsi üzrə icarəçiyə keçir.

Qanunda və yaxud maliyyə icarəsi müqaviləsində başqa hal nəzərdə tutulmadıqda subicarə müqaviləsinə maliyyə icarəsi müqaviləsinin qaydaları şamil edilir.

Mənbə: report.az