Sabahdan Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksiz dərəcələri artırılır.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 17 fevral 2020-ci il tarixli qərarında əksini tapıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra – martın 19-da qüvvəyə minir.
Qərara əsasən, aksiz dərəcəsi energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata, səməni pivəsinin hər litri üçün 1,7 manatdan 1,9 manata qaldırılıb.
Eyni zamanda aksiz dərəcəsi qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları istisna olmaqla, təbii üzüm şərabları (spirt qatılmışlar daxil olmaqla) və üzüm suslosunun hər litri üçün 3,5 manatdan 3,6 manata, şampan şərabı üçün 5 manatdan 5,1 manata, denaturasiya olunmamış etil spirti (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spiritnin hər litri üçün 4 manatdan 5,2 manata, viski, rom və digər spirtli tinkturalar (şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan), cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün isə 10 manatdan 11,2 manata qaldırılıb.
Tərkibində spirtin miqdarı 9,0 faizdən az olan digər tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün aksiz dərəcəsi isə 1,9 manat müəyyənləşib.
Üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz dərəcəsi isə 10 manatdan 7,2 manata endirilib.
Mənbə: apa.az
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.