8 gün qeyri-iş günü olacaq
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar verib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.
Xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.
Müəyyən edilib ki, bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır.
Xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.
Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- Azərbaycan Respublikasının ərazisində:
1.1. iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilsin;
1.2. xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilsin.
- Müəyyən edilsin ki:
2.1. bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır;
2.2. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 15 may 2020-ci il
№ 177
Bax: Xüsusi karantin rejimi məhdudiyyətlərinin bir qismi yumşaldılacaq