Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, 2025-ci ildə aşağıdakı tarixlər qeyri-iş günləri elan edilmişdir:
- Novruz Bayramı: 20, 21, 22, 23, 24 mart.
Gələn il 22 və 23 mar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq. Beləliklə, gələn il Novruz bayramında ardıcıl 7 gün (20, 21, 22, 23, 24, 25 və 26 mart) qeyri-iş günləri olacaq.
- Ramazan Bayramı: 30, 31 mart
Gələn il 30 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 1 aprel qeyri-iş günü olacaq. Beləliklə, gələn il Ramazan bayramında ardıcıl 3 gün – 30 və 31 mart və 1 aprel qeyri-iş günləri olacaq.
- Qurban Bayramı: 6, 7 iyun
Gələn il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün gələn il Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.
2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilsin. 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri