Bazarlarda sahibkarlıq fəaliyyətinin təşkili və həyata keçirilməsi zamanı vergi intizamının təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın qarşısının alınması və şəffaflığın artırılması məqsədilə Vergi Məcəlləsində xüsusi nəzarət mexanizmləri nəzərdə tutulub. Bu mexanizmlərdən biri də bazarlarda sahibkarlıq məqsədləri üçün istifadə edilən təsərrüfat subyektlərinin vergi uçotuna alınması və bu uçotun ictimaiyyət üçün açıq şəkildə nümayiş etdirilməsi ilə bağlıdır.
“Business Service Center” MMC şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Nurtən Vəliyeva vergi ödəyicisi tərəfindən bazarlarda sahibkarlıq məqsədləri üçün istifadə edilən təsərrüfat subyektlərinə olan tələbləri şərh edib.
Sözügedən tələblər əsasən Vergi Məcəlləsinin 16.1.11-15 və 16.1.11-16-cı maddələrində vergi ödəyicilərinin vəzifələri kimi təsbit edilib. Məcəllənin 16.1.11-15-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq vergi ödəyicilərinin vəzifəsidir.
Vergi Məcəlləsinin 16.1.11-16-cı maddəsində göstərilib ki, kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda daşınmaz əmlak həmin əmlakın mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən, habelə əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) əks etdirmək (yerləşdirmək) də vergi ödəyicilərinin vəzifələrinə aiddir.
Qeyd olunan vəzifələrin icra edilməməsi isə operativ vergi yoxlaması tədbirlərinin tətbiq olunması zərurətini yaradır. Bu isə Vergi Məcəlləsinin 50.1.15 və 50.1.16-cı maddələri ilə tənzimlənir.
Vergi Məcəlləsinin 50.1.15-ci maddəsinin hüquqi mahiyyəti
Vergi Məcəlləsinin 50.1.15-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda icarəyə verilən təsərrüfat subyektlərinin (obyektlərinin) vergi orqanlarında uçota alınması təmin edilmədən həmin obyektlərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə şərait yaradılması hallarına vergi orqanları tərəfindən nəzarət edilir. Bu norma mahiyyət etibarilə iki əsas hüquqi öhdəlik yaradır:
1. Bazarlarda yerləşən və sahibkarlıq məqsədilə istifadə edilən obyektlərin vergi uçotuna alınması zərurəti;
2. Bazarların idarəedicilərinin və icarəyə verən şəxslərin uçota alınmamış obyektlərdə fəaliyyətə icazə verməmək məsuliyyəti.
Qeyd olunan maddənin əsas hüquqi məqsədi bazarlarda qeyri-rəsmi iqtisadi fəaliyyətin qarşısını almaq, faktiki fəaliyyət göstərən obyektlərin vergi sistemindən kənarda qalmasını əngəlləmək və vergi nəzarətinin effektivliyini artırmaqdır.
Misal 1: Vergi orqanı Vergi Məcəlləsinin 50.1.15-ci maddəsinə əsaslanaraq operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edib ki, bazar ərazisində mülkiyyətçi Vergi Məcəlləsinin 16.1.11-15-ci maddəsinin tələblərini pozaraq icarəyə götürənə təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektində fəaliyyət göstərməsinə şərait yaratmayıb. Belə olan halda, bazar mülkiyyətçisinə, Vergi Məcəlləsinin 58.15-2-ci maddəsinə əsasən, bu Məcəllənin 16.1.11-15-ci maddəsinin tələblərinin pozulması baş verdiyi üçün təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2.000 manat, ikinci dəfə aşkar edildikdə 4.000 manat, üç və daha çox dəfə aşkar edildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Vergi Məcəlləsinin 50.1.16-cı maddəsi isə müəyyən edir ki, bazarlarda sahibkarlıq fəaliyyəti üçün istifadə edilən təsərrüfat subyektlərinin giriş hissəsində həmin obyektin vergi orqanında uçota alınmasına dair məlumatın (vergi ödəyicisinin adı və VÖEN göstərilməklə) əks etdirilməsinə nəzarət edilməlidir. Bu norma vergi uçotunun yalnız formal deyil, həm də vizual və ictimai şəkildə şəffaf olmasını təmin etməyə yönəlib.
Qanunvericiliyin bu tələbləri istehlakçı üçün fəaliyyət göstərən sahibkarın hüquqi statusunu aydınlaşdırır, vergi ödəyicisinin identifikasiyasını asanlaşdırır, həmçinin vergi nəzarəti operativ və effektiv şəkildə həyata keçirilir.
Misal 2: Vergi orqanı Vergi Məcəlləsinin 50.1.16-cı maddəsinə əsaslanaraq operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edib ki, bazar ərazisində fəaliyyət göstərən bir mağaza öz girişində vergi ödəyicisinin adını və VÖEN-ni əks etdirən arayışı yerləşdirməyib. Belə olan halda, Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən, mikro sahibkarlıq subyektlərinə 40 manat məbləğində, digər şəxslərə münasibətdə isə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Maddələrin qarşılıqlı əlaqəsi və praktik əhəmiyyəti
Vergi Məcəlləsinin 50.1.15 və 50.1.16-cı maddələri bir-birini tamamlayan normalardır. Birinci maddə uçotun mövcudluğunu, ikinci maddə isə bu uçotun açıq şəkildə nümayişini təmin edir. Nəticə etibarilə bazarlarda sahibkarlıq fəaliyyəti yalnız qanuni və qeydiyyatlı subyektlər tərəfindən həyata keçirilərək vergi intizamı gücləndirilir, bununla da fiskal şəffaflıq artırılır.
Vergi Məcəlləsinin qeyd olunan bu maddələri bazar mülkiyyətçilərinin üzərinə aşağıdakı vəzifələri qoyur:
1) İcarəyə götürənin obyekti qeydiyyata almasına nəzarət etmək;
2) Obyektin girişində obyektin qeydiyyata alınmasına dair arayışın yerləşdirilməsini təmin etmək;
3) Kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumatı elektron formada hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etmək.
Aparılan təhlillər göstərir ki, Vergi Məcəlləsinin 50.1.15 və 50.1.16-cı maddələri bazarlarda sahibkarlıq fəaliyyətinin hüquqi çərçivədə təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Bu normalar həm sahibkarlar, həm də bazarları idarə edən şəxslər üçün konkret hüquqi öhdəliklər müəyyən edir və vergi nəzarətinin institusional əsaslarını möhkəmləndirir. Sözügedən tələblərə riayət edilməsi bazar iqtisadiyyatında qanunçuluğun və şəffaflığın təmin olunmasının əsas şərtlərindən biridir.
Mənbə: vergiler.az










