Mövzunu vergi konsultantı Toğrul Lətifov şərh edir.
Mənfəət və gəlir vergisinin ödəyiciləri ilin I rübü bitdikdən sonra növbəti ayın 15-dək cari il üçün uyğun cari vergi ödəmələrinin hesablanması haqqında arayışın metodunu seçməli, təqdim etməli və cari vergi ödəmələrini dövlət büdcəsinə ödəməlidirlər. Bu metodun seçilməsi Vergi Məcəlləsinin 151-ci maddəsi ilə tənzimlənir. Qeyd edək ki, metodun seçilməsi aprel ayının 15-dək mümkündür və seçilən metod cari il üçün dəyişdirilə bilməz. Metodun düzgün seçilməsi şirkətin maliyyə və büdcə planlaması, eyni zamanda şirkətin likvidliyi və pul axınının idarə edilməsi baxımından olduqca önəmlidir.
Bu məqaləmizdə həm Vergi Məcəlləsinin 151-ci maddəsinin hər üç metodunun praktiki izahını, həm də metod seçilərkən hansı məqamlara daha çox diqqət edilməli olduğunu qeyd edəcəyik.
151.1-ci maddə:
Bu metodu əvvəlki ildə mənfəət və ya gəlir vergisinin ödəyiciləri seçə bilər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Bu nə deməkdir?
Tutaq ki, “Alfa” MMC 2025-ci il üçün 300.000 manat mənfəət vergisi hesablayıb və büdcəyə ödəyib. 2026-cı il üçün 151.1-ci maddəni seçməklə hər rüb tamam olduqdan sonra növbəti ayın 15-dək 300.000 manat mənfəət vergisinin ¼ hissəsini, yəni 75.000 manat vergi məbləğini büdcəyə ödəməlidir. Vergi ödəyicisi mənfəət və ya gəlirindən asılı olmayaraq, hər rüb bu formada ödənişə davam edir.
151.2-ci maddə:
Qeyd edək ki, əvvəlki ildə mənfəət və ya gəlir vergisinin ödəyicisi olan sahibkarın Vergi Məcəlləsinin 151.1 və ya 151.2-ci maddələrdən birini seçmək hüququ var. Məcəllənin 151.2-ci maddəsində göstərilib ki, vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki vergiyə cəlb olunan gəlirinin (xərclər nəzərə alınmadan) həcmini onun keçən ilin vergiyə cəlb olunan gəlirində (xərclər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.
151.2-ci maddəyə, həmçinin, “Alfa” MMC-nin 2025-ci il maliyyə göstəriciləri üzərindən nəzər yetirək.
- Əvvəlki ilin ümumi gəliri: 2.500.000 manat;
- Əvvəlki ilin mənfəət vergisi: 300.000 manat;
- Verginin xüsusi çəkisi (əmsal): (300.000 x 100%) : 2.500.000 = 12%;
- Cari rübün gəliri: 100.000 manat;
- Cari vergi ödəməsi: 100.000 x 12% = 12.000 manat.
İlkin olaraq, müəssisənin 2025-ci il nəticələrinə və 2026-cı ilin ilk rübünə aid gəlirlərinə nəzər yetirən zaman aydın olur ki, cari il üçün vəziyyət kritikdir, gəlirlər kəskin şəkildə azalıb. Bu proses çox güman ki, ilin sonuna qədər belə davam edə bilər.
Bəs burada müəssisə aprel ayının 15-dək cari arayış metodunu seçməsə, nə baş verə bilər? Vergi Məcəlləsinin 151-2-ci maddəsinin seçilməməsi avtomatik olaraq vergi orqanı tərəfindən 151-1-ci maddənin tətbiqinə zəmin yaradır. Bu halda müəssisə 12.000 manat əvəzinə 75.000 manat həcmində vergini dövlət büdcəsinə ödəməyə məcbur olur. Bu isə maliyyə uçotu baxımından nə deməkdir:
- Likvidlik böhranı: Əməliyyat fəaliyyəti üçün zəruri olan sərbəst pul vəsaitləri (Free cash flow) vergi şəklində vaxtından əvvəl dövlətə veriləndə şirkət cari öhdəliklərini icra etməkdə çətinlik çəkmək təhlükəsi ilə üzləşə bilər.
- Bank overdraftlarından və qısamüddətli kreditlərdən asılılıq: Mal alışı, logistika və əməliyyat xərcləri, eyni zamanda inzibati xərclərin qarşılanması üçün bankdan illik yüksək faizlə overdraft və ya qısamüddətli kredit götürürsünüz. Nəticədə əlavə faiz xərcləri yaranır.
- Xalis cari dəyər (NPV) və daxili gəlirlilik norması (IRR) itkisi: Artıq ödənilmiş vergilər sonradan gələcək ildə əvəzləşdirilsə də pulun zaman dəyəri düsturuna əsasən bugünkü dəyəri gələcək nominal dəyərindən həmişə yüksək olur.
Eyni zamanda, tutaq ki, şirkətinizin vergiyə artıq ödənilmiş hər manatı dövriyyədə olanda sizə illik 20% qazanc (IRR) gətirirsə, yanlış metod seçimi etməklə həmin gəlirdən məhrum olursunuz.
Bununla yanaşı, “Alfa” MMC üçün maliyyə baxımından cari vəziyyətin əksi də mümkündür. Buna misal olaraq deyə bilərik ki, MMC 2026-cı il üçün yüksək dəyərli layihələrlə bağlı müqavilələr imzalayıb, ilin birinci rübü üçün gəlirlilik kifayət qədər yüksəkdirsə, bu zaman Vergi Məcəlləsinin 151-1-ci maddəsinə aid metodu seçməklə rüblük sabit vergi ödənişlərini icra edə bilər, nağd pula qənaət etmiş olar, eyni zamanda təxirə salınmış vergi öhdəliklərinə aid nağd vəsaitləri investisiya etməklə əlavə gəlir əldə edə bilər.
151.5-ci maddə:
Bu maddənin əhatə dairəsinə yeni yaranmış (fəaliyyətə başlamış) vergi ödəyiciləri, eyni zamanda əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olan sahibkarlar daxildir. Həmin sahibkarlar digər iki maddəni seçə bilməzlər.
Vergi Məcəlləsinin 151.5.1-ci maddəsində göstərilib ki, əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyicilərinin mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla (əvvəlki illərdə yaranmış zərər məbləğləri vergi tutulan mənfəətdən (gəlirdən) çıxılmaqla) bu Məcəllə ilə müəyyənləşdirilmiş müvafiq vergi dərəcələrinə əsasən hesablanır.
Burada diqqət edilməli əsas məqam əksər maliyyəçilərin və sahibkarların nəzərdən qaçırdığı Vergi Məcəlləsinin 151.5.2-ci maddəsidir. Həmin maddədə deyilir ki, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.
Bu maddənin mahiyyətini və üstünlüyünü də misalla izah edək:
- Hesabat ili üzrə gəlir (artan yekunla): 850.000 manat;
- Hesabat ili üzrə xərclər (artan yekunla): 550.000 manat;
- Vergiyə cəlb olunan mənfəət: 850.000 – 550.000 = 300.000 manat;
- Cari vergi ödəməsinin həcmi: 300.000 x 20% = 60.000 manat.
Burada Vergi Məcəlləsinin 151.5.2-ci maddəsi sahibkara rüb üzrə yaranmış 60.000 manat vergi öhdəliyinin 75 faizini icra etmək hüququ tanıyır. Nəticədə sahibkar rüb üzrə 45.000 manat vergi məbləği ödəməklə qalıq 15.000 manat nağd vəsaitdən biznesinin inkişafı üçün istifadə edə, eyni zamanda növbəti ilin mart ayının 31-dək qalıq vergi borcunu ödəyə bilər.
Yekun olaraq qeyd edək ki, bu metodların yalnız aprel ayının 15-dək seçilməsi, seçilmiş yanlış metodun dəyişdirilə bilməməsi sahibkar üçün əlavə risklər yaradır ki, bu da bizneslərdə yuxarıda qeyd olunan müxtəlif növ maliyyə problemlərinə, hətta biznesin bağlanmasına belə gətirib çıxarır.
Mənbə: vergiler.az










