2021-ci ilin yanvar-avqust ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.
Vergi daxilolmaları
2021-ci ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 833,16 milyon manat vergi daxil olub, proqnoza 123,7 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 faiz və ya 690,1 milyon manat artıb.
Cari ilin 8 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 264,0 milyon manat olub, proqnoza 117,7 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 639,9 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11 faiz və ya 421,8 milyon manat artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz artaraq 3 milyard 264,0 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 623,8 milyon manat olmaqla, proqnoz 117,2 faiz icra edilib. Ötən illə müqayisədə bu mənbədən daxilolmalar 5,2 faiz artıb.
Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi neft-qaz sektorunun payına düşüb.
Sosial sığorta ödəmələri
Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.
2021-ci il sentyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 744.804 təşkil edib. Bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 204.882 min çoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.
2021-cu ilin yanvar-avqust aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 494,5 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb, daxilolmalar üzrə proqnoz 232,1 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 1 milyard 583 milyon manat təşkil edib, proqnoz 113,3 faiz icra olunub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 85,8 milyon manat olub, proqnoz 109,7 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artaraq 63,1 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,3 faiz icra olunub.
Qeydiyyata alınmış vergi ödəyiciləri
Cari il sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 645.189 təşkil edib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 faiz artıb və 32.585-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 177.274-ə çatıb.
Onlayn nəzarət-kassa aparatlarının tətbiqi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 45.589 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2021-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9,7 mlrd. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.
Mənbə: vergiler.az