Azər Qənbərov: “Vergi auditi qanunvericiliyə uyğun aparılır”

İstifadə olunan ən müasir texnologiyalar və proqramlar mühasibat və  vergi uçotunun əhəmiyyətini azaltmır. Bir çox mütəxəssislər də auditin aparılması və hesabatların hazırlanmasında bu məqamın vacibliyini xüsusi vurğulayırlar. Sahibkarlar üçün vergi auditinin əhəmiyyəti, onun həyata keçirilməsi metodları və formaları barədə suallara vergi eksperti Azər Qənbərov cavablandırır:Sahibkarlar üçün vergi auditinin əhəmiyyəti, onun həyata keçirilməsi metodları və formaları barədə suallara vergi eksperti Azər Qənbərov cavablandırır:

– Azər müəllim, gəlin burdan başlayaq, vergi auditi nədir və bu, tərəflərə nə verir?

– Bildiyimiz kimi, sahibkarlıq fərdi sahibkarın, hüquqi şəxsin malların, işlərin, xidmətlərin təqdim edilməsi ilə bağlı mənfəət əldə etməsi üçün bir fəaliyyətdir. Sahibkarlıq fəaliyyətinin yerinə yetirilməsi zamanı müəyyən məcburi tələblər qoyulur. Sahibkar qanuni sahibkarlığı həyata keçirməli, qaydalara riayət etməlidir. Vergi hesabatlarını vaxtında təqdim etməli, öhdəliklərini yerinə yetirməlidir və s. Bu tələblərə əməl edilməsinə nəzarət isə vergi auditi vasitəsilə həyata keçirilir. Bu, sahibkarları öz işlərini qanunvericilik çərçivəsində qurmağa, uçotu doğru aparmağa, hesablarını tələb olunan çərçivədə tərbit edib göndərməyə təşviq edir.

– Vergi auditi zamanı hansı metodlardan istifadə edilə bilər? Bunun sahibkara və büdcəyə nə kimi faydaları toxunur?

– Öncə onu qeyd edim ki, vergi orqanının məqsədi sahibkarı cəzalandırmaq deyil. Əgər həqiqətən də sahibkar vergi qanunvericiliyinin tətbiqində nöqsanlara yol veribsə, əvvəlcə ona xəbərdarlıq edilir, digər məlumatlandırıcı məktublar göndərilir və s. Vergi auditi bunun üçün nəzərdə tutulub. Vergi auditinə səyyar vergi yoxlaması ilə yanaşı, kameral yoxlamalar, xronometrajın və operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi də daxildir. Vergi orqanı həm də investisiya fəaliyyətini təşviq edir. Eyni zamanda sahibkarların qanunvericiliyə riayət edərək fəaliyyət göstərmələrinə və vergiləri düzgün hesablayıb ödəmələrinə çalışır. Lakin sahibkarlıq fəaliyyətində hər hansı bir qanun pozuntusuna yol verilərsə, vergi orqanı, təbii ki, səyyar vergi yoxlaması təyin edir və yaxud kameral qaydada yoxlayaraq əlavə vergilər hesablayır. Bunun üçün də müəyyən əsaslar, səbəblər olmalıdır. Məsələn, vergi ödəyici vergiləri düzgün hesablamırsa, dövriyyəni azaldırsa, xərcləri sünu şəkildə artırırsa, əməkhaqqının hesablanmasında qanun pozuntularına yol verirsə, vergilərin hesablanması və ödənilməsi baxımından ardıcıl olaraq gecikmələrə yol verirsə, vergi orqanı onun barəsində tədbir görməli olur. Digər tərəfdən, vergi auditinin keçirilməsi ilə bağlı fərqli seçimlər də var. Məsələn, proqram təminatına əsasən seçim ola bilər. Süni intellekt özü müəyyən nüansları nəzərə alaraq vergi ödəyicisində yoxlama aparmağa müsbət və ya mənfi cavab verə bilər. Ona görə də burada vergi ödəyicisinin özünün də vergi qanunvericiliyinə düzgün riayət etməsi məsələsi önə çıxır. Yəni onlar vergi hesabatlarını elə göndərməli, yaxud mühasibat uçotlarını elə qurmalıdırlar ki, sabah onlara maliyyə sanksiyası tətbiq olunmasın.

– Eyni zamanda vergi auditinin aparılması üçün risklər də müəyyənləşdirilir. Bunlar hansılardır?

– Vergi auditinin aparılması üçün risklər sahəvi və universal olmaqla 2 hissəyə ayrılır. Universal risklər yuxarıda qeyd etdiyim hallardır – əməkhaqqının, vergilərin hesablanması və gec ödənilməsi, dövriyyənin azaldılması, xərclərin artırılması, rentabelliyin azalması. Sahəvi risklər isə təsərrüfat fəaliyyəti və obyektlər üzrə eyni biznes ölçülü, eyni fəaliyyət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinda aparılan audit zamanı vergi ödəyicilərinin müqayisəsi nəticəsində yeni risklərin yaranması ilə bağlıdır. Bu risklər vertikal və mütənasib qaydada təhlil olunur. Vertikal təhlildə vergi ödəyicisinin gəlirləri, xərcləri və onun vergi göstəriciləri digər eyni biznes ölçülü, eyni fəaliyyət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə müqayisə edilir və onun əsasında risklər ortaya çıxarılır. Digər təhlil növündə isə vergi ödəyicisinin özünün əvvəlki hesabat dövrlərində verdiyi vergi hesabatları, yəni dövriyyənin azalma səbəbləri, vergi ödənişinin az olması səbəbləri araşdırılır. Elə vergi ödəyiciləri var ki, kifayət qədər dövriyyəsinin olmasına baxmayaraq, az məbləğdə vergi ödəyib. Təbii ki, bu, sual yaradır və vergi auditi məhz bu istiqamətdə tətbiq oluna bilir.

Banner

– Təcrübədə hansı hallarla rastlaşırsınız? Sahibkarlar vergi auditinə cəlb olunmamaları üçün nə etməlidirlər?

– Vergi ödəyicilərinin auditə münasibəti müxtəlif ola bilər. Məsələn, kameral vergi yoxlamaları zamanı müəyyən anlaşılmazlıqlar yaşanır. Bəzən vergi ödəyicilərindən eşidirəm ki, “mənfəət vergisi bəyannaməsinə kameral gəlib, nə qədər izah veririk, ancaq bu, anlaşılmır”. Mən onlara izahatın doğru formada verilməsini tövsiyə edirəm. Çünki vergi orqanı işçilərinin sayı az, vergi ödəyicilərinin sayı isə çoxdur. Ona görə də məktublarda qısa formada izahedici cədvəllər yerləşdirilməlidir ki, vergi orqanının əməkdaşı onu oxumaqda çətinlik çəkməsin və məsələni sizin xeyrinizə həll etsin. Dəfələrlə şahidi olmuşuq ki, izahedici məktublar aydın şəkildə yazılanda kameral vergi məbləği ləğv edilib. Ancaq ümumi cümlələrlə yazılanda anlaşılmazlıq yaranır və vergi orqanı onu ləğv etmir.

Mənfəət vergisi bəyannaməsini təqdim edərkən onun 1 saylı əlavəsində də belə problemlər ortaya çıxır. Vergi ödəyicisi onu tam şəkildə izah edə bilmir. Ancaq düzgün izah olunursa, həmin uyğunsuzluq məktubunun bağlanması ilə nəticələnir. Bəzən isə vergi ödəyicisi özü bilərək səhv edir. Tutaq ki, vəsaitdən başqa məqsədlər üçün istifadə edib, dövlət büdcəsinə olan vergi borcunu ödəmir, gecikdirir. Bu zaman, təbii ki, vergi orqanı güzəştə getmir. Kameral məbləğ hesablanır, bank hesabına sərəncam verilir. Bundan sonra vergi ödəyicisi dəqiqləşdirilmiş hesabat verməyə məcbur olur.

– Vergi auditinin uğurlu keçməsi həm də uçotun düzgün qurulmasına bağlıdır. Bununla bağlı sahibkarlara nə tövsiyə edərdiniz?

– Əvvəlki dövrlərlə müqayisədə indi vergi auditi çox dəyişib, qanunvericiliyin tələblərinə uyğun audit aparılır, məktublara obyektiv baxılır. Vergi ödəyicilərinə tövsiyə edərdim ki, peşəkar mühasiblərlə işləməyə üstünlük versinlər. Bir müəssisədə peşəkar mühasibin olması həm də qanunvericiliyin tələbidir. Onlar olmadıqda fərdi sahibkarlar və hüquqi şəxslər üçün növbəti problemlərin yaranmasına gətirib çıxarır. Hazırda texnologiyanın inkişafı uçot sisteminə də müsbət təsir edir, mühasiblərin istifadə etdiyi bir sıra müasir proqram təminatları mövcuddur. Bunlar mühasiblərin işini yüngülləşdirir, bəzi hallarda onların sayının azalmasına səbəb olur. Lakin mühasibat uçotunda insan amilini danmaq olmaz, hər bir müəssisə üçün peşəkar mühasib vacibdir. Xüsusilə, kənd təsərrüfatı sektorunda uçotun aparılması çox vacibdir. Bu sektorda müəyyən vergi güzəştləri və azadolmalar tətbiq olunur. Bu, bəzən onlarda arxayınçılıq yaradır ki, müəssisə vergidən azaddırsa, uçot aparmalı deyil. Ancaq bu, yanlış yanaşmadır. Çünki bu güzəştlər müəyyən müddət üçün nəzərdə tutulub. Həmin müddət bitdikdən sonra hesabatların verilməsi və vergilərin düzgün hesablanması üçün mal qalığının çıxarılması, digər xəclərin hesablanması və s. lazımdır. Ona görə də bütün dövrlərdə uçotun düzgün aparılması zərurəti yaranır.

Mənbə: vergiler.az

İqtisadi inkişafa gedən yolda vergi islahatlarının təsiri