Qanunvericiliyə əsasən, üfüqi monitorinq yalnız şəffaf fəaliyyət göstərən, orta və iri sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş könüllü vergi nəzarəti mexanizmidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38-1-ci maddəsinə əsasən, üfüqi monitorinqdə yalnız müəyyən meyarlara cavab verən vergi ödəyiciləri iştirak edə bilərlər. Yəni bu monitorinq bütün vergi ödəyiciləri üçün nəzərdə tutulmayıb. Məqsəd vergi orqanı ilə şəffaf fəaliyyət göstərən, vergi risklərini əvvəlcədən idarə edən və müasir uçot sisteminə malik olan müəssisələr arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq yaratmaqdır.
Bəs hansı vergi ödəyiciləri üfüqi monitorinqə qəbul ediləcək? Kimlər bu yenilikdən kənarda qalacaq? Suallara “BSC Business Service Centre” şirkətinin II dərəcəli mühasibi Xədicə Hüseynli aydınlıq gətirir.
Üfüqi monitorinq sistemində vergi ödəyicisi öz fəaliyyəti haqqında məlumatları vaxtında və şəffaf şəkildə təqdim edir, vergi orqanı isə riskləri əvvəlcədən qiymətləndirərək məsləhət və dəstək göstərir.
Üfüqi monitorinqə qəbul ediləcək vergi ödəyiciləri
Vergi Məcəlləsinin 38-1.3-cü maddəsinə əsasən, üfüqi monitorinqə cəlb edilmək üçün vergi ödəyicisi aşağıdakı 3 şərtin hamısına eyni vaxtda cavab verməlidir. Bu şərtlərdən biri belə ödənilmədikdə üfüqi monitorinqə qəbul mümkün olmur.
1. Orta və ya iri sahibkarlıq subyekti olmalıdır
Üfüqi monitorinq əsasən orta və ya iri sahibkarlıq subyekti olan müəssisələr üçün nəzərdə tutulub. Mikro və kiçik sahibkarlıq subyektləri bu mexanizmə daxil edilmir. Məsələn, illik dövriyyəsi 3 milyon manatdan yuxarı olan şirkətlər üfüqi monitorinqə müraciət edə bilər və ya işçi sayı 50 nəfərdən çox olan şirkətlər üfüqi monitorinqə müraciət edə bilər.
Misal 1: Tikinti sahəsində fəaliyyət göstərən, illik dövriyyəsi 35 milyon manat olan “X” MMC iri sahibkarlıq subyektidir. Digər şərtlər də yerinə yetirilərsə, üfüqi monitorinqə qəbul oluna bilər.
Misal 2: Gündəlik satış dövriyyəsi 5.000 manat olan məhəllə ərzaq mağazası kiçik sahibkarlıq subyekti hesab olunduğundan üfüqi monitorinqə qəbul edilmir.
2.Mühasibat və vergi uçotu avtomatlaşdırılmış proqram vasitəsilə aparılmalıdır
Vergi ödəyicisi uçotu elektron mühasibat proqramlarında aparmalıdır. Bu, vergi orqanına məlumatların operativ və şəffaf təqdim edilməsinə imkan yaradır.
Misal 3: İstehsal müəssisəsi bütün əməliyyatlarını avtomatlaşdırılmış proqram vasitəsilə aparır, elektron qaimə-fakturaları və maliyyə hesabatlarını sistem vasitəsilə hazırlayır. Bu müəssisə şərti yerinə yetirmiş sayılır.
Misal 4: Mühasibat uçotu yalnız kağız jurnallarda aparılan müəssisə isə bu tələbi ödəmədiyi üçün üfüqi monitorinqə qəbul edilə bilməz.
3.Daxili nəzarət sistemi tətbiq olunmalıdır
Vergi ödəyicisinin vergi risklərini əvvəlcədən müəyyən edən, onları qiymətləndirən və qarşısını alan daxili nəzarət sistemi olmalıdır.
Üfüqi monitorinqə qəbul edilməyəcək vergi ödəyiciləri
Vergi Məcəlləsinin 38-1.4-cü maddəsinə əsasən, aşağıdakı vergi ödəyiciləri üfüqi monitorinqə qəbul edilmir:
1. Riskli vergi ödəyicisi hesab edilən şəxslər
Əgər vergi orqanının qərarı ilə vergi ödəyicisi “riskli vergi ödəyicisi” statusu alıbsa, həmin qərar qüvvədə olduğu müddətdə üfüqi monitorinqdə iştirak edə bilməz.
Misal 5: Vergi orqanı müəssisənin riskli əməliyyatlar apardığını müəyyən edib və onu riskli vergi ödəyicisi kimi qeydiyyata alıb. Belə müəssisənin üfüqi monitorinqə cəlb edilməsi üçün müraciəti rədd ediləcək.
2. Vergi qanunvericiliyinin pozulmasına görə cinayət işi başlanmış şəxslər
Vergi ödəyicisi barəsində vergi cinayətləri ilə bağlı cinayət işi başlanmışdırsa, həmin şəxs üfüqi monitorinqə qəbul edilə bilməz.
Misal 6: Müəssisə külli miqdarda vergidən yayınma faktına görə cinayət məsuliyyətinə cəlb olunub. Bu halda onun müraciəti qəbul edilməyəcək.
3. Kiçik və mikro sahibkarlıq subyektləri
Vergi Məcəlləsində bu kateqoriya birbaşa göstərilməsə də, Məcəllənin 38-1.3.1-ci maddəsində yalnız orta və iri sahibkarlıq subyektləri nəzərdə tutulduğundan mikro və kiçik sahibkarlıq subyektləri avtomatik olaraq bu sistemdən kənarda qalırlar.
Misal 7: Fərdi qaydada fəaliyyət göstərən bərbər, kiçik kafe və ya kiçik pərakəndə satış mağazası üfüqi monitorinqə qəbul edilmir.
Mənbə: vergiler.az










