Şirkətimiz “Startap” şəhadətnaməsi əldə edib. Qanunvericilikdə kiçik sahibkar subyekti olan şirkətə 3 illik mənfəət vergisindən azadolma şamil edilir. Azadolma müddətində şirkətin balansında olan əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmaları Vergi Məcəlləsində nəzərdə tutulmuş normadan aşağı norma tətbiq olunmaqla növbəti illərə keçirilib. Bilmək istəyirəm ki, aşağı norma tətbiq edilməsi nəticəsində yaranan məbləğlər gələcək illərdə azadolma müddəti bitdikdən sonra gəlirdən çıxıla bilərmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 121.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin mənfəət (gəlir) vergisi üzrə güzəşt hüququ olduğu dövrdə amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq olunması nəticəsində yaranan məbləğlər güzəşt hüququ başa çatdıqdan sonrakı illərin gəlirdən çıxılan məbləğlərinə əlavə edilmir.
Buna əsasən, şirkətinizə startap layihəsi üzrə innovasiya fəaliyyətindən əldə etdiyi mənfəətə azadolma tətbiq edilən dövrdə amortizasiya normalarından aşağı norma tətbiq olunması nəticəsində yaranmış məbləğlər güzəşt hüququ başa çatdıqdan sonrakı illərin gəlirdən çıxılan məbləğlərinə əlavə edilmir.
Əsas: Vergi Məcəlləsinin 121.3-cü maddəsi
Mənbə: vergiler.az