Mövzunu “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Ziya Həmidli şərh edir.
Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, illik dövriyyəsi 200.000 manatdan artıq olmayan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər. Bu zaman tətbiq edilən vergi dərəcəsi, 220.1-ci maddəyə uyğun olaraq, 2 faiz həcmində müəyyən edilir. Mebel istehsalı və təmiri ilə məşğul olan fiziki şəxslər fərdi sahibkar qismində qeydiyyata alınaraq sadələşdirilmiş vergi ödəyicisi statusunda fəaliyyət göstərə bilirlər. Beləliklə, mebel ustalarının ödədiyi vergi gəlirdən deyil, birbaşa əldə edilən dövriyyədən tutulur.
Misal 1
Əgər mebel ustası bir ayda 5.000 manatlıq sifariş icra edibsə, ödəyəcəyi vergi 100 manat təşkil edir:
5.000 x 2% = 100 manat.
Əgər illik dövriyyə 60.000 manatdırsa, bu halda vergi öhdəliyi 1.200 manat olur:
60.000 x 2% = 1.200 manat.
Burada nəzərə alınmalıdır ki, sadələşdirilmiş vergi gəlirdən deyil, məhz dövriyyədən tutulur, yəni xərclərin olub-olmamasından asılı deyil. Həmçinin, alınan avans məbləği sadələşdirilmiş verginin vergitutma obyekt deyildir.
Misal 2
Rüb ərzində 7.000 manatlıq xidmət göstərilib. Xidmətin ödənişi tam olaraq daxil olub. Əlavə olaraq növbəti göstəriləcək xidmət üçün 5.000 manatlıq avans məbləğ daxil olub. Bu halda vergi öhdəliyi belə hesablanacaq:
7.000 x 2% = 140 manat.
Lakin Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan və istehsal fəaliyyətini həyata keçirən şəxslər artıq sadələşdirilmiş vergi ilə fəaliyyət göstərmək hüququnu itirir və gəlir vergisinə keçir. Belə olan halda fiziki şəxs artıq gəlir vergisi ödəyicisi sayılır və əldə etdiyi gəlirdən (gəlirlərdən çıxılan təsdiqlənmiş xərclərdən sonra qalan məbləğ əsasında) 20% dərəcə ilə vergi ödəyir. Əgər həmin şəxs mikro sahibkarlıq subyektidirsə, yəni illik gəliri 200.000 manatdan artıq deyilsə, orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu yoxdursa, onda gəlir vergisinə 75% güzəşt tətbiq olunur.
Bundan əlavə, Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə görə, əgər sadələşdirilmiş vergi ödəyicisinin rüb ərzində topdansatış əməliyyatlarının ümumi dövriyyəyə nisbəti 30%-dən çox olarsa, o zaman sadələşdirilmiş vergi ödəyicisi hüququnu itirir və gəlir vergisinə keçir.
Misal 3
Fiziki şəxs ilin əvvəlində mebel sexində 7 nəfər işçi çalışdırır. Aprel ayından isə sifarişlər çoxalır və o, əlavə olaraq 5 nəfər də işə götürür. Nəticədə aprel–iyun ayları (II rüb) üzrə orta işçi sayı belə olur:
- aprel: 12 nəfər;
- may: 12 nəfər;
- iyun: 12 nəfər.
Orta işçi sayı: (12 + 12 + 12) : 3 = 12 nəfər.
Bu halda, Vergi Məcəlləsinin 218.5.8 ci maddəsinə əsasən, fiziki şəxs artıq sadələşdirilmiş vergi ilə fəaliyyət göstərə bilməz, çünki istehsalatda rüb ərzində orta işçi sayı 10 nəfəri keçib. Tutaq ki, həmin ilin qalan aylarında fiziki şəxsin ümumi gəliri 60.000 manat, rəsmi xərcləri isə 20.000 manatdır. Bu zaman onun xalis gəliri 40.000 manat olacaq:
60.000 – 20.000 = 40.000 manat.
Əgər həmin fiziki şəxs mikro sahibkarlıq subyektidirsə (illik dövriyyəsi 200.000 manatdan azdır), gəlir vergisinə 75% güzəşt tətbiq olunur.
40.000 x 20% = 8.000 manat;
8.000 x 75% = 6.000 manat.
Ödəniləcək vergi: 8.000 – 6.000 = 2.000 manat.
Yəni, əvvəlki sadələşdirilmiş vergidə 3.200 manat ödəyən fiziki şəxs işçi sayının artması səbəbilə gəlir vergisinə keçəcək və 2.000 manat vergi ödəyir. Amma bu, yalnız o halda mümkündür ki, xərcləri rəsmi sənədlərlə təsdiq olunsun, əks halda, gəlir vergisi daha yüksək çıxacaq.
Vergi öhdəlikləri ilə yanaşı, mebel ustaları üçün icbari sosial sığorta ödənişləri də nəzərdə tutulub. “Məcburi dövlət sosial sığorta haqqında” Qanuna əsasən, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının müəyyən faizi əsasında sosial sığorta haqları ödəyirlər. Hazırda minimum əməkhaqqı 400 manat təşkil edir. Bakı şəhərində fəaliyyət göstərən sahibkar üçün bu məbləğin 25%-i 100 manat aylıq sosial sığorta haqqı kimi ödənilir. Regionlarda isə ödəniş əmsallarla tənzimlənir: Gəncə və Sumqayıt şəhərlərində 90%, digər şəhərlərdə 80%, kənd yerlərində isə 50%.
Vergi Məcəlləsinin 221.1-1-ci maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədiyi rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.
Misal 4
Mebel ustası rüblük 25.000 manat dəyərində xidmət göstərib. Göstərilmiş xidmətin dəyəri tam olaraq daxil olub. Fiziki şəxsin özünə görə rüblük ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləği 300 manat təşkil edir.
Bu halda verginin hesablanması: 25.000 x 2% = 500 manat;
Azaldılmalı vergi məbləği: 300 x 25% = 75 manat;
Ödənilməli vergi: 500 – 75 = 425 manat.
Bundan əlavə, “İcbari tibbi sığorta haqqında” Qanuna əsasən, bütün fərdi sahibkarlar icbari tibbi sığorta haqqının ödəyiciləridir. Qanunun 15-ci maddəsinə uyğun olaraq, fərdi sahibkarların tibbi sığorta haqqı minimum əməkhaqqının 4 faizi həcmində müəyyən edilib. Bu göstərici hazırda 16 manat təşkil edir və bütün regionlarda eyni məbləğdə tətbiq olunur.
Mənbə: vergiler.az