Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən qəbul edilir.
İqtisadçı ekspert Anar Bayramov hansı hallarda sahibkarların riskli vergi ödəyicilərinin siyahısına düşdüyünü aydınlaşdırır.
Vergi ödəyicisinin aldığı və təqdim etdiyi mallar fərqli olduqda…
Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:
- Meyarların 3-cü hissəsində nəzərdə tutulmuş riskli əməliyyatları aparan şəxs olduqda.
Meyarların üçüncü hissəsinin “a” bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi riskli əməliyyatları aparan şəxs olması ehtimalı yaradır.
Misal 1: Vergi ödəyicisinin sənədlərinə əsasən (idxal, elektron qaimə-faktura, alış aktı və s.) o, geyim malları əldə edir. Ancaq bəzi vergi ödəyicilərinə təqdim etdiyi elektron qaimə-fakturalarından belə məlum olur ki, tikinti materialları da “satır”.
Vergi ödəyicisinin təqdim etdiyi malların həcmində fərqlilik olduqda…
- Meyarların üçüncü hissəsinin “b” bəndində qeyd edilir ki, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli vergi ödəyicisi hesab edilə bilər.
Misal 2: Vergi ödəyicisinin mal qalığı və dövr ərzində əldə etdiyi malların dəyəri 10.000 manatlıq olmasına baxmayaraq, satılan malların maya dəyəri 40.000 manatlıq olub. Bu zaman vergi ödəyicisinə 30.000 manatlıq (40.000 manat – 10.000 manat) mallar üzrə riskli vergi ödəyicisi ilə bağlı vergi qanunvericiliyinin məhdudiyyətləri tətbiq oluna bilər.
Vergi ödəyicisi əmtəəsiz əməliyyatlar həyata keçirdikdə…
- Meyarların üçüncü hissəsinin “ç” bəndinə əsasən, aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilə bilər.
Göründüyü kimi, burada əsas şərt vergi nəzarəti tədbirləri (kameral, operativ vergi nəzarəti və səyyar) çərçivəsində əmtəəsiz əməliyyatların aşkarlanmasıdır.
Misal 3: Vergi nəzarəti tədbirləri zamanı məlum olub ki, vergi ödəyicisi işıq dirəklərinin alınması ilə bağlı 120.000 manatlıq müqavilə imzalasa da həmin dirəklərin təqdim olunması hayata keçirilməyib. Bu halda əmtəəsiz mal təqdim edilməsini həyata keçirən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab oluna bilər.
Bəzi vergi ödəyiciləri riskli vergi ödəyicisi anlayışının yalnız mallara tətbiq olunduğu fikrindədirlər. Ancaq bu, belə deyil. Əmtəəsiz əməliyyatlar anlayışının daxilində xidmətlər də nəzərdə tutulduğundan riskli vergi ödəyicisi xidmət sektoruna da şamil olunur.
Misal 4: Vergi ödəyicisi 20.000 manatlıq montaj işinin görülməsi ilə bağlı qarşı tərəflə müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri zamanı məlum olub ki, vergi ödəyicisinin montaj işi ilə bağlı hər hansı fəaliyyəti olmayıb və bu əməliyyat sadəcə sənədləşmə üçün həyata keçirilib.
Vergi ödəyicisinin anbarının sahəsi ilə malların həcmi arasında uyğunsuzluq olduqda…
Meyarların üçüncü hissəsinin “d” bəndində qeyd edilir ki, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) riskli vergi ödəyicisi hesab edilə bilər. Vergi ödəyicisinin rəsmi sənədlərlə təsdiq edilmiş kifayət qədər malları olduqda və həmin mallara uyğun anbar olmadıqda və ya anbarın sahəsinin həcmi uyğun olmadıqda, o, riskli vergi ödəyicisi hesab edilə bilər. Bu bənddə istisna hal birbaşa sifarişçilərə təhvil verilən mallar üçün nəzərdə tutulub.
Misal 5: Vergi ödəyicisi başqa şəxsdən aldığı 120.000 manatlıq malların digər vergi ödəyicisinə çatdırılmasını təmin edir. Vergi ödəyicisi həmin malları sifariş əsasında birbaşa təqdim etdiyi üçün hər hansı iri həcmli anbara ehtiyac duymur. Bu halda vergi orqanı vergi ödəyicisinə riskli vergi ödəyicisi kimi baxmayacaq və ondan hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim olunmasını istəyəcək.
İndi isə hansı hallarda vergi ödəyicisinin anbarının olmamasına görə riskli vergi ödəyicisi hesab edilməsi hallarına aydınlıq gətirək.
Misal 6: Vergi ödəyicisi 300.000 manat məbləğində mal idxal edib. Vergi orqanı onun hər hansı anbara malik olmadığını müəyyən edir. Bu zaman vergi ödəyicisinin obyektinin olmaması riskli vergi ödəyicisi meyarlarına aid edilməsinə əsas verir.
Misal 7: İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 200.000 manat dəyərində litrlik meyvə şirələri təqdim edib. Vergi nəzarəti tədbirləri nəticəsində məlum olub ki, vergi ödəyicisinin anbar kimi təqdim etdiyi obyektin sahəsi cəmi 50 kvadratmetrdir. Bu zaman vergi ödəyicisinin riskli vergi ödəyicilərinə şamil olunması ehtimalı vardır.
Vergi ödəyicisi bəzi malları sənədləşdirmədən təqdim etdikdə…
Meyarların üçüncü hissəsinin e) bəndinə əsasən, vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uygun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar olunduqda riskli vergi ödəyicisi hesab edilə bilər.
Bu bənddən göründüyü kimi, belə hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmamasını təyin etmək üçün vergi nəzarəti tədbirləri həyata keçirilməlidir. Əgər söhbət malların aşkar olunmasından gedirsə, bu halda operativ vergi nəzarəti və ya səyyar vergi yoxlamaları aparılmalıdır.
Misal 8: Vergi orqanının keçirdiyi vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, vergi ödəyicisinin sənədlərinə əsasən, o, tikinti materiallarının satışını həyata keçirsə də sənədlər əsasında geyim malları da təqdim edib. Bu halda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab oluna bilər. Burada bir məqama diqqət yetirmək lazımdır ki, vergi orqanının həmin malların vergi ödəyicisinin sahibliyində müəyyən etməsi onun riskli vergi ödəyici olması anlamına gəlmir. Amma 10.000 manatlıq geyim malları alarsa, ancaq sahibliyində daha az məbləğdə mal olarsa və təqdimetmə rəsmiləşdirilməzsə, o halda vergi ödəyicisi riskli vergi ödəyicisi meyarlarına uyğun gəlir.
Qeyd edək ki, Vergi Məcəlləsinin 58-ci maddəsinda sənədləşdirilməyən malların təqdim olunmasına görə maliyyə sanksiyası da nəzərdə tutulub.
Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı / vergiler.az