Əməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır?

birbank biznes

İşçiyə 2023-cü ilin cari ayında 6.093,64 manat əməkhaqqı hesablanıb. Bu məbləğdən əlavə, o, istifadə edilməmiş məzuniyyətə görə 2022-ci il üzrə 500 manat, cari il üzrə 200 manat kompensasiya alıb. İşçi hər ay 2.800 manat həyatın yaşam sığortasına yönləndirir və bu məbləğdən sosial sığortaya cəlb olunan 22% müəssisə tərəfindən ödənilir. Müəssisə 2023-cü ildən etibarən neft və qaz sektoruna aid olan fəaliyyət həyata keçirir, 2022-ci ildə isə fəaliyyəti qeyri-neft-qaz sektorunda olub. Bu halda, qeyd edilən məbləğlərə uyğun vergilərin və sosial ayırmaların tutulması necə olmalıdır? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

Sorğuda göstərilən halda, 2022-ci ildə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən müəssisə tərəfindən 2023-cü ildən etibarən neft-qaz sahəsində fəaliyyət göstərildikdə, həmin müəssisədə çalışan muzdlu işçiyə 2023-cü ildə əvvəlki və cari il üzrə ödənilən kompensasiya haqlarından onun ödənildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 101.1-ci maddəsi ilə müəyyən edilmiş dərəcələrlə gəlir vergisi və “Sosial sığorta haqqında” Qanunun 14.3-cü maddəsi ilə müəyyən olunmuş dərəcələrlə sosial sığorta haqları hesablanır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunan və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır. Bu zaman sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyirinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad olunmuş sosial məbləğlər işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyirinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir. Belə ki, sorğuda göstərilən halda, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına işçinin xeyirinə ödənilən sosial sığorta haqqı məbləğləri (22 faiz) işçinin gəlirlərinə aid edilir və həmin məbləğ həyatın yığım sığortasına köçürüldüyü halda, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsi üzrə müəyyən edilmiş azadolmanın tətbiqi zamanı işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyirinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və “Sosial sığorta haqqında” Qanun

Mənbə: vergiler.az

Minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğlərinin illər üzrə artım tempi