Qiymətləndirilmiş əmlakın pay qoyuluşu zamanı MMC-nin vergi öhdəlikləri

Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Təcrübədə bir çox hallarda əmlakların yenidən qiymətləndirilməsi yolu ilə törəmə şirkətlərin yaradılmasının şahidi oluruq. Bu zaman aşağıdakı əməliyyatların reallaşdırılmasına yol verilir:

Vergi ödəyicisi olan Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) başqa bir hüquqi şəxsin təsisçisi olaraq yeni MMC yaradır və müəyyən əmlakı yeni yaradılmış cəmiyyətin nizamnaməsinin formalaşmasına pay kimi qoyur. Vacib məqamlardan biri odur ki, pay qoyuluşuna verilmiş əmlak qoyuluşdan əvvəl yenidən qiymətləndirilir. Bu məqamları nümunə üzrərində nəzərdən keçirək.

Misal

“AA” MMC 2023-cü ilin sentyabr ayında yeni “VV” MMC-ni 100% paya malik olmaqla dövlət qeydiyyatına alaraq formalaşdırıb. Yəni, “AA” MMC ana şirkət, “VV” MMC isə törəmə şirkətdir. “VV” MMC-nin nizamnamə kapitalı 200.000 manatdır və ana şirkət bunun özünə məxsus olan əmlak hesabına formalaşdırılmasını qərara alıb. Ana şirkətin balansında 50.000 manatlıq qalıq dəyərə malik əmlakı vardır. Həmin əmlakı yenidən qiymətləndirərək 200.000 manat dəyərində törəmə müəssisənin nizamnamə kapitalının formalaşmasına pay kimi qoyub.

Banner

Həmçinin, 2024-cü ilin iyun ayında ana şirkət “VV” MMC-də olan payını digər bir şəxsə 200.000 manata satıb. Bu halda ana şirkət olan “AA” MMC 2023-cü ilin mənfəət vergisi bəyannaməsində gəlir kimi hansı məbləği əks etdirməlidir? 2024-cü ilin mənfəət vergisi bəyannaməsində gəlir yazılmalıdırmı?

Göründüyü kimi, ana şirkətin balansında 50.000 manat olan əmlak 200.000 manat dəyərində qiymətləndirilərək törəmə şirkətin nizamnamə kapitalına qoyuluş edilib. Ana şirkət öz maliyyə və vergi uçotunda iki formada bunu qeydə ala bilər.

Birinci metod kimi, ilkin olaraq, 50.000 manatlıq əmlakı yenidən qiymətləndirib və sonradan pay qoyuluşu kimi uçota almaq olar. Yəni, əmlakın balans dəyərini 200.000 manat və yaranmış (200.000 – 50.000) 150.000 manat məbləği isə kapital ehtiyatlarında yenidənqiymətləndirilmiş kapital kimi uçota almaq lazımdır. Daha sonra 200.000 manatı törəmə müəssisələrə investisiyalar kimi uçota almalıdır.
Nəticə olaraq həm maliyyə uçotu, həm də vergi uçotu baxımından hər hansı bir gəlir yaranmamış olur. Belə ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir hesab edilir. Vergitutma məqsədləri üçün gəlirin əldəedilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Satışdankənar gəlirlər – digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə edilən gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir.

Maddədən də görünür ki, yenidənqiymətləndirmədən yaranmış fərq hər hansı malların, işlərin, xidmətlərin təqdim edilməsinə və ya satışdankənar gəlir anlayışına uyğun gəlmir. Ona görə də 150.000 manat fərq gəlir sayılmır.

İkinci uçot metodu kimi ana şirkət olan “AA” MMC heç bir yenidənqiymətləndirməni öz maliyyə və ya vergi uçotunda qeydə almır. Pay kimi qoyulmuş 50.000 manat əmlak dəyərində öz maliyyə və vergi uçotunda törəmə müəssisələrə pay qoyuluşu kimi qeydə alır. Törəmə müəssisədə pay qoyuluşu və əsas vəsait kimi 200.000 manat uçota alınacaq, sadəcə konsolidasiya vaxtı yaranmış 150.000 manat fərqi həm əsas vəsaitlərdə, həm də pay qoyuluşunda nəzərə almaq lazımdır.

Bu hallarda ikinci metoda üstünlük verilməsi tövsiyə edilir.

Nəticə olaraq: 2023-cü ildə bu əməliyyatda heç bir gəlir anlayışı olmadığına görə, “AA” MMC-də mənfəət bəyannaməsində qeyd edilməyəcək. Ancaq 2024-cü ilin mənfəət bəyannaməsində ana şirkət yuxarıdakı əməliyyatdan gəlir kimi məbləği qeyd edəcək, çünki maya dəyəri 50.000 manat olan payları 200.000 manata satıb. Beləliklə, həm birinci, həm də ikinci variantda uçota alınmasından asılı olmayaraq, “AA” MMC yaranmış 150.000 manat fərqi gəlir kimi mənfəət bəyannaməsində qeyd edəcək.

Mənbə: vergiler.az

Sahibkarlıq fəaliyyəti üçün əlverişli ekosistem yaradılır