Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxs Azərbaycan Respublikasında nümayəndəliyi (filialı və s.) olmayan qeyri-rezident hüquqi şəxsə işçi qüvvəsi təqdim edir. Xidmət Azərbaycan Respublikasının ərazisində yerinə yetirilir. Belə olan halda ƏDV-nin 18 faiz və ya 0 faiz olması barədə izahat verməyinizi xahiş edirəm.
Suala cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən, bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.
Bu xidmətlərə işçi qüvvəsinin təchiz edilməsi üzrə xidmətlərin göstərilməsi (işçilər bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda) aid edilir.
Sorğuya əsasən, göstərilən xidmətin alıcısı qeyri-rezident olduğundan ƏDV məqsədləri üçün xidmətlərin göstərildiyi yer sayılmır. Bu xidmət ixrac sayılır. Buna görə də ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunacaq.
Mənbə: vergiler.az