Vergi Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, xüsusi notariuslar bəzi müqavilələri təsdiq edərkən ödəmə mənbəyində vergi (ÖMV) tutmağa borcludur. Buraya aid olmayan müqavilələr hansılardır? Suala iqtisadi ekspert Anar Bayramov aydınlıq gətirir.
1. Fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi zamanı ÖMV tutulmur.
Misal 1: Tutaq ki, vətəndaş M.Ə. 2010-cu ildən qeydiyyatda olduğu evini 2020-ci ildə satır. Bu zaman o, ödəmə mənbəyində vergiyə cəlb olunmur. Amma 2018-ci il tarixdən qeydiyyatda olduğu torpaq sahəsinin satışını həyata keçirirsə, müqavilənin təsdiqi zamanı notarius ondan ödəmə mənbəyində vergi tutmalıdır.
Qeyd edək ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, fiziki şəxsin güzəşt tətbiq edilən qeydiyyatda olma müddəti 5 ildən 3 ilə endirilib.
2. Miras ailə üzvlərinin adına rəsmiləşdiriləndə imzalanan müqavi ödəmə mənbəyində vergi tutulmur.
Qeyd: “Ailə üzvləri” dedikdə ər-arvad, valideynlər, övladlar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər, babalar, nənələr və nəvələr, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları), qəyyumlar və qəyyumluğa götürülənlər (onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda) başa düşülür.
Bir məsələni də qeyd edək ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində övladlığa götürmüş şəxslər, babalar, nənələr və nəvələr də vergi ödəyicisinin ailə üzvü hesab edilir.
3. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən, fiziki şəxslərə ödənilən kompensasiya xarakterli ödənişlər zamanı ödəmə mənbəyində vergi tutulmur
4. Torpaq, yaşayış və ya qeyri-yaşayış sahələri ər və arvad arasında və ya keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə ödəmə mənbəyində vergi tutulmur.
Mənbə: vergiler.az
Bax:
Elektron ticarət əməliyyatından hansı hallarda ƏDV hesablanmır?
Əlilliyi olan işçilərə əmək məzuniyyətinin verilməsi
Əmək müqaviləsi bağlanılarkən sınaq müddətinin təyin olunması
Benzin və dizel yanacaqlarının satın alınması zamanı əvəzləşdirmə
Gəlir vergisindən güzəşt hüququ əldə etmək üçün hansı sənədlər təqdim edilməlidir?