Nikahın qadağan olunduğu şəxslər kimlərdir?

Ölkəmizdə mövcud ailə qanunvericiliyinə əsasən nikah rəsmi dövlət qeydiyyatına alındıqdan sonra tərəflər arasında nikahla bağlı hüquq münasibətləri yaranır. Bəs kimlərlə nikah bağlana bilməz? Mövzuya keçməzdən əvvəl qeyd edək ki, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə dövlət qeydiyyatına alınan könüllü ittifaqıdır. Anlayışı da nəzərə almaqla, mövzunu daha da anlaşılan məzmunda təqdim edirik.

  • Anlayışdan da göründüyü kimi nikah eyni cinsli şəxslər arasında bağlanıla bilməz.
  • Üzrlü səbəb istisna olmaqla, nikaha daxil olanların 18 yaşı olmalıdı. Üzrlü səbəb halında isə bu yaş 1 il azaldıldığı üçün aşağı yaşda şəxslərin nikahı qadağandır və məsuliyyətə səbəb olur.
  • Yaxın qohumların nikahı qadağandır. Yəni valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar birgə nikaha girə bilməz.
  • övladlığa götürənlər və övladlığa götürülənlər də birgə nikaha girə bilməz.

2025-ci il 1 iyuldan etibarən.

  • qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları.
  • bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu birgə nikaha girə bilməyəcək.
  • başqası ilə nikahda olan şəxslər boşanmadan yeni biri ilə nikaha girə bilməz.
  • Nikaha girməzdən əvvəl tibbi müayinə tələbi olduğu üçün müayinədən imtina edənlər nikahdan məhrum edilir.
  • ölkə ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə nikah qadağandır.
  • ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər nikaha girə bilməz.
  • nikaha girmək istəməyən şəxslə məcburi nikah qadağandır.
  • şəxsin nikaha girmək niyyəti olmadıqda, onunla nikah bağlanarsa, həmin nikah etibarsız sayılır.
  • əri-arvadı itkin düşsə yaxud öldüyü ehtimal edilsə də, məhkəmə qaydasında bu faktın öz təsdiqini tapmadığı hallarda, itkin düşmüş yaxud ölmüş hesab edilən şəxsin əri-arvadı ilə nikah qadağandır.

Göründüyü kimi, nikaha girməzdən əvvəl dəqiq bilinməli nüanslar çoxluq təşkil edir. Odur ki, bu kimi halları da nəzərə aldıqdan sonra nikaha girmək mümkündür.

Müəllif: Praktiki Hüquqşünas | Şəhriyar Həbilov

Banner

İşçilərin yemək xərclərinin rəsmiləşdirilməsi ilə bağlı vacib məqamlar