Mülki-hüquqi müqavilə ilə çalışanların vergi və sosial öhdəlikləri necə hesablanır?

birbank biznes

mülki-hüquqi müqaviləTəşkilat mülki-hüquqi müqavilə əsasında fiziki şəxsləri əməkdaşlığa cəlb edir. Bu zaman, həmin şəxslərə göstərdikləri xidmətlərə görə təsdiq olunmuş tarif üzrə xidmət haqqı ödəyir. Məsələn, “A” işçiyə Bakı şəhərində “X” işi yerinə yetirdiyinə görə tarif üzrə 100 manat xidmət haqqı hesablanır. Bu xidmət haqqından 41% vergilər çıxıldıqdan sonra “A” işçiyə 59 manat ödəniş edilir. Növbəti həftə təşkilat “A” işçiyə Ağsu şəhərində “X” işi yerinə yetirmək tapşırığı verir. Bu zaman, tarif üzrə 100 manat və Ağsu şəhərində bu işi icra etdiyi üçün 65 manat ezamiyyə haqqı ödəyir. Təşkilat mülki-hüquqi müqavilə əsasında əməkdaşlığa cəlb etdiyi fiziki şəxsə ezamiyyə haqqı ödəyə bilərmi? Əgər ödəyə bilərsə, bu zaman həmin haqdan da 41% vergilər tutulmalıdırmı, yoxsa məhz bu xərci kompensasiya olunan xərc kimi nəzərə almaq olar?

Dövlət Vergi Xidmətindən bildirilib ki, ezamiyyə xərcləri əmək müqaviləsi ilə çalışan işçilər üçün nəzərdə tutulduğu üçün mülki-hüquqi müqavilə ilə çalışan şəxslər üçün hansısa xərclərin ödənilməsi ezamiyyə xərcləri hesab olunmur və həmin şəxslərin gəliri hesab olunur.

Eyni zamanda hüquqi şəxs tərəfindən xidmətlərin göstərilməsi üçün vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslər işlərin görülməsinə cəlb edildiyi halda (əmək müqaviləsinin bağlandığı hallar istisna olmaqla) onlara aparılan ödənişlərdən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilməlidir. 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi, ödənişlərin tam məbləğindən 25 faiz dərəcəsi ilə məcburi dövlət sosial sığorta və gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində icbari tibbi sığorta üzrə sığorta haqları tutulmalıdır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 150.1.7-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Mənbə: vergiler.az