“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edildi

birbank biznes

Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir.

Yenilənmiş qanuna orta sahibkarlıq subyektləri mühasibat uçotunun elektron formada aparılmasını aşağıdakı mərhələlərdə həyata keçirməlidir:

  • Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;
  • telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;
  • yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;
  • idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;
  • Digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3.1-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci maddəsinə uyğun olaraq orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçirilsin:

3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər – 2024-cü il yanvarın 1-dən;

3.2. telekommunikasiya xidmətləri göstərən şəxslər – 2024-cü il aprelin 1-dən;

3.3. yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər – 2024-cü il iyulun 1-dən;

3.4. idman mərc oyunlarının operatoru – 2024-cü il oktyabrın 1-dən;

3.5. bu Fərmanın 3.1 – 3.4-cü bəndləri ilə əhatə olunmayan digər orta sahibkarlıq subyektləri – 2027-ci il yanvarın 1-dən.

4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 68 (Cild I)) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “2.1.20-ci” sözlərindən sonra “, 3.1-1.1-ci” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. həmin Qanunun 3.1-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 yanvar 2024-cü il