Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması -YENİ QAYDA

Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli 31 saylı qərarı ilə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” yeni redaksiyada təsdiq edilib. Qaydalara əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb üzrə sığortaolunan üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dörd misli əsasında müəyyən edilir. 

Əmək qanunvericiliyi üzrə ekspert  Kəmalə Yusifova yeniliyi daha detallı şərh edib. 

Qanunvericilikdə nəzərdə tutulmuş sosial sığorta hadisələri baş verdiyi tarixə məcburi dövlət sosial sığortasına cəlb edilən sığortaolunanlara sosial sığorta ödəmələri aşağıdakılardır:

  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
  • Hamiləliyə və doğuma görə müavinət;
  • Uşağın anadan olmasına görə birdəfəlik müavinət;
  • 3 yaşınadək uşağa qulluğa görə müavinət;
  • Dəfn üçün birdəfəlik müavinət.

İşçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), eləcə də hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olduqdan sonra yaranır.

Banner

Sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) ötürülən xəstəlik vərəqəsinə dair məlumatlara əsasən əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günləri üçün verilir. Xatırladaq ki, xəstəlik vərəqələrinin elektron qaydada tərtib edilməsi Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”a uyğun olaraq tənzimlənir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı həm fasiləli, həm də fasiləsiz olaraq ardıcıl davam etdikdə, ilk 14 təqvim günü üçün müavinət işəgötürən (sığortaedən) tərəfindən onun vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına sığortaçı tərəfindən ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi birinci gündən başlayaraq əmək qabiliyyəti bərpa olunanadək, lakin Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

Yeni dəyişikliyə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl gələn 4 rübə münasibətdə sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının dörd mislindən hesablanır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği aşağıdakı düsturlarla hesablanır:

MM = TGS x OQM

Burada MM – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləğini;

TGS – əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayını;

OQM – bir təqvim gününə düşən orta qazancın məbləğini bildirir.

OQM = ÜQM / BTG

Burada OQM – bir təqvim gününə düşən orta qazancın məbləğini;

ÜQM – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancının məbləğini;

BTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bölən təqvim günlərinin sayını bildirir.

BTG = ÜTG – ÇTG

Burada BTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bölən təqvim günlərinin sayını;

ÜTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində cəmi təqvim günlərinin sayını;

ÇTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində hesablanma zamanı çıxılan günləri bildirir.

Misal 1

İşçi 2026-cı ilin iyun ayında 25 təqvim günü əmək qabiliyyətini müvəqqəti itirir. Bu zaman 2026-cı ilin 1-ci rübü, 2025-ci ilin 4, 3 və 2-ci rübləri üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 4 misli ümumi qazanc kimi qəbul edilir. Bu qazanc ardıcıl 4 rüb üzrə bölünən təqvim günlərinə bölünərək bir günə düşən orta günlük qazanc müəyyən edilir. Daha sonra bu məbləğ 25 təqvim gününə vurularaq müavinətin ümumi məbləği hesablanır.

Tutaq ki, işçiyə əvvəlki 4 rüb ərzində cəmi 1.800 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı hesablanaraq ödənilib. İşçi üçün nəzərə alınacaq baza məbləği 7.200 manat təşkil edəcək:

1.800 x 4 = 7.200 manat.

Fərz edək ki, 4 rüb üzrə 365 təqvim günü var və bu günlərdə heç bir çıxılma halı olmayıb. İşçi 25 təqvim günü əmək qabiliyyətini müvəqqəti olaraq itirib. Bu halda hesablama aşağıdakı kimi olacaq:

7200 : 365 = 19.73 manat;
19.73 x 25 = 493.25 manat.

Qeyd edək ki, dəyişikliyə qədər hesablama zamanı iş günləri əsas götürülürdü. Qaydanın yeni redaksiyada təsdiqindən sonra isə hesablamalarda iş günləri deyil, təqvim günləri nəzərə alınır.

Mənbə: vergiler.az