Şirkət hansı halda mikro sahibkarlıq subyekti hesab olunur?

Bir il əvvəl açılmış və könüllü ƏDV qeydiyyatına durmuş şirkətin dövriyyəsi 200 min manatdan artıq deyil. Şirkət mikro sahibkarlar üçün nəzərdə tutulan 75 faizlik vergi güzəştindən istifadə edə bilərmi?

Dövlət Vergi Xidmətindən bildiririlib ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Buna əsasən əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Banner

Bu zaman vergi ödəyicisinin hesabat ili üzrə göstəriciləri mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəldiyi halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu və illik gəliri 200.000 manatdan yuxarı olmadığı halda) həmin şəxs həmin hesabat ili üçün mikro sahibkar hesab olunur və qanunvericiliklə mikro sahibkarlıq subyektləri üçün müəyyən edilmiş vergi güzəştləri həmin şəxslərə münasibətdə tətbiq edilir.

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Göründüyü kimi, şəxsin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmasından asılı olmayaraq hesabat ili üzrə göstəriciləri mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəldiyi halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu və illik gəliri 200.000 manatdan yuxarı olmadığı halda) həmin şəxs mikro sahibkar hesab olunur.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”.

Mənbə: vergiler.az


Əmək qabiliyyətini müvəqqəti itirən işçiyə müavinətin hesablanması