Fiziki şəxsin əsas fəaliyyəti 0812102 – Daş, qum və çınqılların doğranması və xırdalanması, əlavə fəaliyyəti 0812101 – Sənaye və tikinti üçün qum və çınqıl hasilatından ibarətdir. Vergi mükəlləfiyyəti 2 faizlik sadələşdirilmiş vergidir. Sahibkar əlavə olaraq hər ay üçün mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 214-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir. Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır. Hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyannamə vergi orqanına təqdim edilməli və hesablanmış vergi büdcəyə ödənilməlidir.
Sorğuya cavab olaraq bildirilib ki, əlavə fəaliyyət kimi qum və çınqıl hasilatı ilə məşğul olduğu üçün vergi ödəyicisi hər ay üzrə mədən vergisi bəyannaməsini vergi orqanına təqdim etməli və hesablanmış vergini büdcəyə ödəməlidir
Əsas: Vergi Məcəlləsinin 214 və 217-ci maddələri
Mənbə: vergiler.az










