Kirayə və icarə haqları necə fərqləndirilir?

2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də fiziki şəxslərin kirayə haqqı gəlirləri üzrə vergi dərəcəsi ilə bağlıdır. Dəyişikliyi “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Fidan Bayramova şərh edir. 

Öncə “icarə” və “kirayə” anlayışları arasındakı fərqi izah edək. Mülki Məcəllənin 675-ci və 700.1-ci maddələrinə əsasən, kirayəçi kirayəyə götürdüyü əmlakdan hər hansı gəlir, fayda əldə etmir, ona yalnız əmlakdan istifadə hüququ verilir. İcarə isə əmlakdan və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək, gəlir götürmək hüququ da verir.

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Maddədən göründüyü kimi, kirayəyə münasibətdə ödəmə mənbəyində 10 faiz, icarəyə münasibətdə isə 14 faiz vergi tutulur. Əlavə olaraq qeyd edək ki, kirayə üzrə obyekt yaşayış sahəsi olmalıdır. Məlumdur ki, hazırda yaşayış evlərini kirayə verən fiziki şəxslərin bir qismi vergidən yayınır, vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsində əsas məqsəd münasibətlərin rəsmi qaydada tənzimlənməsinin təşviqidir.

Banner

Misal 1

Fiziki şəxs özünə məxsus yaşayış evini aylıq 800 manata digər fiziki şəxsə kirayəyə verib. Bu halda kirayə haqqından 80 manat ödəmə mənbəyində vergi tutulur və kirayəyə verən fiziki şəxsə aylıq 720 manat ödənilir:

800 x 10% = 80 manat;
800 – 80 = 720 manat.

Misal 2

Fiziki şəxs özünə məxsus obyektini ayda 2.200 manata hüquqi şəxsə icarəyə verib. Bu halda icarə haqqından 14 faiz məbləğində ödəmə mənbəyində vergi tutulur və icarəyə verən fiziki şəxsə 1.892 manat ödənilir:

2.200 x 14% = 308 manat;
2.200 – 308 =1.892 manat.

Əgər icarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslər tərəfindən ödənilirsə, icarəyə (kirayəyə) verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyir. Bunun üçün həmin şəxs Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınıb bəyannamə verir.

Misal 3

Fiziki şəxs yaşayış evini vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsə 400 manata kirayəyə verib. Belə olan halda, kirayəyə verən vergi ödəyicisi vergi orqanında uçota alınmalı, hesabat ilindən sonra mart ayının 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidir.

Misal 4

Məmmədov Anar (adlar şərtidir) mülkiyyətində olan anbarı Əliyev Murada icarəyə verib. Hər iki tərəfin vergi ödəyici kimi vergi orqanında uçotda olan və olmayan halda vergini ödəmək və vergi orqanında uçota alınıb bəyannamə verməsi halına baxaq:

– Məmmədov Anar vergi ödəyicisidir, Əliyev Murad vergi ödəyicisi deyil.

Bu halda icarə gəlirindən vergini Məmmədov Anar özü ödəyir, vergi orqanına bəyannamə təqdim edir.

– Məmmədov Anar vergi ödəyicisi deyil, Əliyev Murad vergi ödəyicisidir.

Bu halda icarə gəlirindən vergini Əliyev Murad özü ödəyir, vergi orqanına bəyannamə təqdim edir.

– Məmmədov Anar və Əliyev Murad hər ikisi vergi ödəyicisidir.

Bu halda icarə gəlirindən vergini Məmmədov Anar özü ödəyir, vergi orqanına bəyannamə təqdim edir.

– Məmmədov Anar və Əliyev Murad hər ikisi vergi ödəyicisi deyil.

Bu halda icarəyə verən Məmmədov Anar vergi uçotuna durur və vergi orqanına bəyannamə təqdim edir.

Mənbə: vergiler.az