İşçilərin yemək xərclərinin vergiyə cəlb edilməsi qaydası

ƏDV qeydiyyatında olan “A” MMC hüquq-məsləhət xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirir və 16 işçisi var. İşçilərin nahar yeməklərinin təmin edilməsi məqsədilə şirkət tərəfindən onların bir qisminə yemək xərcləri üçün gündəlik 7 manat nağdsız vəsait ödənilir. İşçilərin bir qismi isə ofisin yaxınlığında yerləşən və ƏDV qeydiyyatında olan “Yeməkxana” adlı restoranla müqavilə bağlanılaraq yeməklə təmin edilir. Restorana hər işçi üçün gündəlik ƏDV daxil 7 manat olmaqla aylıq köçürmələr aparılır. Bu zaman işçilərin yemək xərclərinin qarşılanması ilə əlaqədar çəkilmiş xərclər gəlirdən çıxılacaqmı? İşçilərin yemək xərcləri onların muzdlu gəlirlərinə aid edilməklə vergiyə və sığorta haqlarına cəlb olunacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinin 119.2-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə müəyyən olunmuş Qaydada və normada işçilərlə bağlı yemək xərclərinin gəlirdən çıxılmasına yol verilir.

Qaydanın 2.1.3-cü yarımbəndinə əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə – 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda – 5 (beş) manat məbləğində müəyyən edilib.

Qaydanın 1.2-ci bəndinə əsasən, bu Qayda ilə vergitutma məqsədləri üçün müəyyən edilmiş gəlirdən çıxılan xərc normalarına əlavə dəyər vergisinin məbləği də daxildir.

Banner

Qeyd olunanlara əsasən, işəgötürən tərəfindən ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisindən elektron qaimə-faktura əsasında iaşə xidmətləri alınmaqla işçilərin yemək xərcləri qarşılandığı halda, habelə yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildiyi təqdirdə, çəkilmiş yemək xərcləri qanunla müəyyən olunmuş norma daxilində (birbaşa işçiyə ödənilən 5 manat və ictimai iaşə müəssisəsinə hər işçi üzrə ödənilən ƏDV daxil 5 manat) gəlirdən çıxılır. Bu zaman ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron-qaimə fakturada, habelə işəgötürən tərəfindən yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə isə ödəmənin təyinatında ödənişin vergi ödəyicisinin işçilərinin yemək xərci ilə bağlı olması qeyd edilməlidir.

MMC-nin ƏDV qeydiyyatında olduğu nəzərə alınmaqla, Cəmiyyət tərəfindən ictimai iaşə müəssisəsinə hər işçi üzrə norma daxilində köçürülən yemək xərci üzrə ödənilmiş ƏDV məbləği (5-5/1,18=0,76) Vergi Məcəlləsinin 175.3-cü maddəsinə uyğun olaraq əvəzləşdirilir. Bununla yanaşı, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən, işəgötürən tərəfindən bu Məcəllənin 109.3-cü və 119.2-ci maddələrində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə olunan gəlir vergitutulan gəlirə aid deyil.

Sorğuda göstərilən halda, MMC tərəfindən norma daxilində birbaşa işçilərə nağdsız qaydada ödənilən yemək xərcləri (5 manat), habelə ictimai iaşə müəssisəsinə hər işçi üzrə yemək xərclərinin (5 manat) ödənilməsinin nəticəsi üzrə əldə olunan gəlir işçilərin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərinə aid edilmədiyindən, gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqına, habelə işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunmur.

İşçilərə normadan artıq birbaşa nağdsız qaydada ödənilən yemək xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq hissəsi işçinin muzdlu gəlirlərinə aid olunmaqla gəlir vergisinə və sosial sığorta haqqına cəlb edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 119-cu və 175-ci maddələri, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlar, Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı ilə tənzimlənir.

Mənbə: vergiler.az