“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti məhdudlaşdırılıb, sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə hüquqi və fiziki şəxslərin işçi heyətinin işə çıxması “icaze.e-gov.az” portalı vasitəsilə, fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən aparılan reydlər zamanı Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında nəzərdə tutulmayan fəaliyyət sahələrə aid olan bir sıra vergi ödəyicilərinin obyektlərinin fəaliyyət göstərməsi halları müəyyən edilib. Bu halların araşdırılması məqsədilə Nazirlər Kabineti vasitəsilə İqtisadiyyat Nazirliyinə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN xidmət”) müraciət edilib. Aparılan araşdırmalarla müəyyən edilən hallar üzrə ilkin mərhələdə bir sıra vergi ödəyicilərinin icazələrinin məhdudlaşdırılması nəzərdə tutulur.
Aparılan məhdudlaşmalar barədə vergi ödəyicilərinin vaxtında məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən həmin icazələri almış şəxslərin elektron kabinetlərinə bildirişlər və vergi orqanlarında mövcud olan mobil telefon nömrələrinə məlumat xarakterli SMS-lər göndərilib. Müvafiq xəbərdarlıq məlumatı almış vergi ödəyiciləri 2 gün ərzində öz uçot məlumatlarını Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında nəzərdə tutulan fəaliyyətinə icazə verilən sahələrə aid olduqları halda dəqiqləşdirməli, habelə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan vergi ödəyiciləri mühafizə və texniki təhlükəsizliklə bağlı işçilərinin sayı barədə Dövlət Vergi Xidmətinə məlumat verməlidirlər.
Belə məlumatı təqdim etməyən, habelə uçot məlumatlarını dəqiqləşdirməyən vergi ödəyiciləri üzrə aktiv icazələrin ləğv edilməsi ilə bağlı məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndəriləcək.
Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinin uçot-baza məlumatları üzrə araşdırmalar davam edir. Bu araşdırmalar nəticəsində müəyyən edilib ki, bir sıra vergi ödəyicilərinin mövcud uçot məlumatları, əsas və əlavə fəaliyyət istiqamətləri, obyektlərinin müvafiq qaydada uçota qoyulması ilə bağlı mövcud məlumatlarında qeyri-dəqiqliklər vardır və xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər həmin məlumatlarının dürüstləşdirilməsi həyata keçirilməyib.
Fəaliyyətinə icazə verilməyən sahələrdə çalışan və uçot məlumatlarını dəyişməklə icazələr sistemində qeydiyyatdan keçməyə cəhd edən vergi ödəyiciləri müəyyən edilərsə, onların icazələri ləğv ediləcəkdir. Bəzi hallarda isə faktiki fəaliyyətləri icazə verilən sahələrə aid olmasına baxmayaraq, bir sıra sahibkarların uçot baza məlumatlarında mövcud olan qeyri-dəqiqlik onların icazələr sistemində aktivləşdirilməsi imkanlarını məhdudlaşdırır. Bu baxımdan sahibkarlar uçot məlumatlarına diqqətlə yanaşmalı, mövcud olan çatışmazlıqları aradan qaldırmalıdırlar.
Məlumat üçün bildirilir ki, “icaze.e-gov.az” vasitəsilə iyulun 17-ə 71.103 sahibkarlıq subyektinə 731.943 icazə verilib.
Sahibkarlıq subyektləri yarana biləcək suallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindəki elektron kargüzarlıq sistemi vasitəsilə müraciət edə bilərlər.
Xüsusi karantin rejimi dövründə icazələrin alınması ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yaradılmış xüsusi səhifələr vasitəsilə əldə etmək mümkündür:
Mənbə: vergiler.az
Bax: ƏDV-nin qaytarılması üçün 364 min nəfər qeydiyyatdan keçib