Yük maşınının icarəsi zamanı vergi hesablanması qaydası

Vergi orqanlarında qeydiyyatda olmayan şəxsdən (sıravi vətəndaşdan) yük maşını icarəyə götürmək istəyirik. İcarə müqaviləsinin dəyərini ödəmə mənbəyində vergi daxil olmaqla 3.000 manata razılaşmışıq. Sualımız budur ki, biz həmin müqavilə üzrə ödəmə mənbəyində nə qədər vergi tutmalıyıq və bu tutulmadan sonra icarəçiyə hansı məbləğdə icarə haqqı ödəməliyik?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlirdən bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq, Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti 14 faiz dərəcə ilə vergini ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınıb bəyannamə verir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Banner

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Sorğuya cavab olaraq bildirilib ki, 3.000 manat icarə haqqından ödəmə mənbəyində (3.000 x 14%) 420 manat vergi tutularaq büdcəyə, 2.580 manat (3.000-420) isə fiziki şəxsə ödənilməlidir.

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə www.taxes.gov.az səhifəsindəki “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/beyanname

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: vergiler.az