Fəaliyyət növü “7729002 – Digər paltarların kirayəsi” olan və 14 faiz dərəcə ilə gəlir vergisi ödəyən fiziki şəxs ofisi hüquqi şəxsdən icarəyə götürdüyü halda ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi təqdim etməlidirmi? Həmçinin, illik hesabat verərkən vergi gəlirdən xərclər çıxıldıqdan sonra hesablanır, yoxsa ümumi dövriyyədən?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, hüquqi şəxslərə (müəssisələrə) və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə ödənilən icarə haqları ödəmə mənbəyində vergitutma obyekti deyil. Bu səbəbdən icarə ödənişindən ödəmə mənbəyində vergi tutmaq öhdəliyi yaranmır.
Sorğuya cavab olaraq bildirilib ki, qeyri-sahibkarlıq fəaliyyəti üzrə əldə edilən illik gəlirdən (xərclər nəzərə alınmadan) 14 faiz dərəcə ilə vergi tutulur. Gəlir vergisi üzrə “Gəlir vergisinin bəyannaməsi” hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
Əsas: Vergi Məcəlləsinin 101, 124, 149-cu maddələri
Mənbə: vergiler.az










