Güzəştli kreditlərin verilməsi qaydaları

birbank biznes

güzəştli kreditAzərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə “Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi” Qaydası təsdiq olunub və fondun nizamnaməsində dəyişikliklər edilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifələrini icra edən Samir Hümbətov yeni qaydaları, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək biznes kreditlərinə dövlət zəmanəti və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərini şərh edib.

Yeni qaydalara əsasən, Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunacaq. Bu mexanizmlərdən biri də daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Bunun mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7 faiz təşkil edəcək. Tətbiq olunacaq yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, bununla da investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məsələn: çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilə qədər artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyinin icrasına möhlət verilməsidir. Fondun nizamnaməsində əlavə və dəyişikliklər edilərək fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.

Bununla yanaşı, sahibkarlara veriləcək yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərini ehtiva edən sənəd layihələri də hazırlanıb və təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunub. Bu layihələrdə qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinın genişləndirilməsi və əlavə dəstək alətlərinin tətbiqi nəzərdə tutulur.

Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, yeni veriləcək 500 milyon manat kredit portfelinin 60 faizədək hissəsinə dövlət zəmanəti, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu mexanizm müddəti 3 ildən, illik faiz dərəcəsi 15 faizdən çox olmayan kreditlərə şamil ediləcək. Yeni mexanizmlərin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrin dirçəldilməsi, iqtisadiyyatın real sektorunun inkişafı və iqtisadi artımın dəstəklənməsinə öz müsbət təsirini göstərməklə yanaşı, girov yetərsizliyi olan sahibkarların investisiya layihələrinin icrasında əhəmiyyətli rol oynayacaqdır.

Qeyd edilən mexanizmin tətbiqində sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan elektron kredit platforması vasitəsilə həyata keçiriləcəkdir. Hazırda elektron kredit platformasının hazırlanması işləri yekunlaşmaq üzrədir.

Nəzərdə tutulan daha bir yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdiriləcək. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq olunacaq. Bu məqsədlə 100 milyon manat vəsait nəzərdə tutulub: bunun 50 milyon manatı dövlət büdcəsinin hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun hesabına təmin ediləcəkdir. Bu mexanizmin tətbiqi zərər çəkmiş sahibkarların yükünü azaltmaqla yanaşı, kredit təşkilatlarının likvidliyinin təmin olunmasına müsbət təsir edəcəkdir.

Ümumilikdə, qeyd olunan proqramların icrası iqtisadi aktivliyin bərpa olunması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi və məşğulluğun qorunub saxlanması, maliyyə risklərinin bölüşdürülməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin yüksəlməsi risklərinin aradan qaldırılmasına şərait yaradacaqdır.

Mənbə: vergiler.az


Bax: Əmək haqqı təyin edilərkən nələrə diqqət yetirilməlidir?


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.