Azərbaycan qanunvericiliyində vətəndaşların sosial vəziyyəti nəzərə alınmaqla müəyyən güzəştlər nəzərdə tutulur. Əmək qənunvericiliyi eksperti Nüsrət Xəlilovun açıqlaması əmək müqaviləsi ilə çalışan fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən güzəştlər barədədir.
Fiziki şəxslərin muzdlu işdən əldə etdikləri gəlirlərinə Vergi Məcəlləsinin 102-ci maddəsində göstərilən qaydada azadolma və güzəştlər tətbiq edilir. Əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Əmək müqaviləsi əsasında muzdla işləyən və güzəşt hüququna malik olub, lakin müvafiq təsdiqedici sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim edən fiziki şəxslərin güzəştləri fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Həmin sənədlərin siyahısı Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli “əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı” adlı qərarında göstərilib. Hansı güzəştin edilməsi üçün hansı sənədlərin təsdiqedici sənəd hesab edilməsi həmin qərara əsasən müəyyən edilir.
Gəlir vergisinə aid güzəştlər
Şəxsin əməkhaqqısından vergi hesablanarkən 400, 200,100 və 50 manatlıq güzəşt nəzərdə tutulub. Vergi Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxsin aylıq gəlirinə edilən güzəşt və həmin güzəştin edilməsinə dair təsdiqedici sənədləri nəzərdən keçirək.
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:
1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarıüin, Azərbaycanın Milli Qəhrəmanları.
Güzəşt üçün hüquq verən sənəd:
- Azərbaycan Respublikası Vətən müharibəsi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;
- Azərbaycan Respublikası Milli qəhrəmanlarının təltif edilmə barədə vəsiqə.
2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları.
Güzəşt üçün hüquq verən sənəd:
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi.
3. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər.
Güzəşt üçün hüquq verən sənəd:
- I və II dərəcə müharibə ilə əlaqədar əlilliyi olan şəxs barədə əlilliyi olan şəxslərin reyestrindən çıxarışı;
- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı.
4. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları.
Güzəştin edilməsi üçün hüquq verən sənəd:
- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları,
5. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər.
Güzəşt üçün hüquq verən sənəd:
– orden və medallarla təltifolunma haqqında vəsiqələr.
6. Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər.
Güzəşt üçün hüquq verən sənəd:
- müharibə veteranı vəsiqəsi;
- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;
- Müdafiə Nazirliyinin, Milli Təklükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin arayışları.
7. Çernobıl AES-də qaza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Güzəşt üçün hüquq verən sənəd:
- tibbi-sosial ekspert komissiyasının qərarı;
- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.
Repetitorların vergi və sosial öhdəlikləri
Misal 1: Vətən Müharibəsi Qəhrəmanı dövlət müəssisəsində baş mühasib vəzifəsində çalışır. Muzdlu işdən aylıq gəliri 3.500 manatdırsa, o nə qədər vergi ödəməlidir?
Hesablanan aylıq gəlir: 3.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 3.500 – 400 = 3.100 manat;
Gəlir vergisi: (350 + (3100-2500) x 25% = 500 manat;
DSMF ayırmaları – 105 manat;
İşsizlikdən sığorta haqqı – 17,50 manat;
İcbari tibbi sığorta haqqı – 70,00 manat;
Nett əməkhaqqı: 3500-500-105-17,5-70 = 2807,50 manat.
Gəlir vergisi: vergiyə cəlb olunan məbləğ 2.500 manatadək olduqda
(vergiyə cəlb olunan məbləğ – 200) x 14%);
Vergiyə cəlb olunan məbləğ 2.500 manatdan çox olduqda
350 + (vergiyə cəlb olunan məbləğ – 2500) x 25%);
DSMF ayırmaları: sığorta haqqına cəlb edilən aylıq gəlir x 3%;
İşsizlikdən sığorta haqqı: hesablanan aylıq əməkhaqqı x 0.5%;
İcbari tibbi sığorta haqqı:
Əməkhaqqı 8.000 manatadək olduqda (hesablanan aylıq əməkhaqqı x 2%);
Əməkhaqqı 8.000 manatdan çox olduqda 160 + (hesablanan aylıq əməkhaqqı-8000) x 0,5%).
Yekun ödəniləcək məbləğ:
Hesablanan əməkhaqqı – gəlir vergisi – DSMF ayırmaları – işsizlikdən sığorta haqqı – icbari tibbi sığorta haqqı.
Misal 2: Vətən Müharibəsi Qəhrəmanı eyni əməkhaqqı ilə özəl müəssisədə çalışır. Bu zaman hesablama aşağıdakı şəkildə olacaq:
Hesablanan aylıq gəlir: 3.500 manat;
Gəlir vergisi: 0,00 manat;
DSMF ayırmaları: 336,00 manat;
İşsizlikdən sığorta haqqı: 17,50 manat;
İcbari tibbi sığorta haqqı: 70,00 manat;
Nett əməkhaqqı: 3500-336-17.5-70 =3076,50 manat.
Misal 3: Vətən Müharibəsi Qəhrəmanı büdcədən maliyələşən müəssisədə 1.700 manat məvaciblə şöbə rəhbəri vəzifəsində çalışır. Onun aylıq gəlirindən vergi necə tutulacaq?
Hesablanan aylıq gəlir: 1.700
Vergiyə cəlb olunan məbləğ: 1.100 (400+200 manat güzəşt – əməkhaqqı 2.500 manatdan aşağı olduğu üçün);
Gəlir vergisi: 1700 – 400 – 200 x 14% = 154 manat;
DSMF ayırmaları: 51,00 manat;
İşsizlikdən sığorta haqqı: 8,50 manat;
İcbari tibbi sığorta haqqı: 34,00 manat;
Nett əmək haqqı: (1700 – 154 – 51 -8.5 – 34) = 1452,50 manat.
Misal 4: Vətən Müharibəsi Qəhrəmanı özəl müəssisədə 1.700 manat məvaciblə şöbə rəhbəri vəzifəsində çalışır. Onun aylıq gəlirindən vergi necə tutulacaq?
Hesablanan aylıq gəlir: 1700 manat;
Gəlir vergisi: 0,00;
DSMF ayırmaları: 156,00 manat;
İşsizlikdən sığorta haqqı: 8,50 manat;
İcbari tibbi sığorta haqqı: 34,00 manat;
Nett əmək haqqı: (1700 – 156 – 8.5 – 34) =1501,5 manat.
2. Aşağıdakı fiziki şəxslərin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır:
1. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) şəxslər.
Güzəşt üçün hüquq verən sənəd:
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;
- tibbi-sosial ekspert komissiyasının qərarı.
2.18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər.
Güzəşt üçün hüquq verən sənəd:
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;
- tibbi-sosial ekspert komissiyasının qərarı.
3. Daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəvyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum.
Güzəşt üçün hüquq verən sənəd:
- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı
- uşağın doğulması haqqında şəhadətnamənin surəti;
- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
- övladlığagötürmə barədə məhkəmə qərarının surəti.
Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı.
Mənbə: vergiler.az
Aliment net, yoxsa gross əməkhaqqıdan tutulmalıdır?