Fiziki şəxslərin hansı əmlakları vergiyə cəlb edilir?

birbank biznes

əmlak vergisiVergi Məcəlləsinin tələblərinə görə, fiziki şəxs kimi qeydiyyata düşən sahibkarlar da əmlak vergisinin ödəyiciləri sayılırlar. Onlar da hüquqi şəxslər kimi hər il vergi orqanlarına əmlak vergisi bəyannaməsini təqdim etməlidirlər.

Həmin sahibkarlar istifadə etdikləri əsas vəsaitlərə görə əmlak vergisini ödəməlidirlərmi? Vergi ödəyicisi şəxsi avtomobilindən sahibkarlıq məqsədləri üşün istifadə etdikdə vergi necə hesablanır? Şəxsi məqsədlər üçün alınmış, sonradan sahibkarlıq məqsədləri üçün istifadə edilən avadanlıqlara görə əmlak vergisi necə hesablanır? Suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 197.1-ci maddəsinə əsasən, aşağıdakılar vergitutma obyekti sayılır:

  • rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri;
  • fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri;
  • müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla).

Buradan aydın olur ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar, su və hava nəqliyyatı vasitələri əmlak vergisinə cəlb edilir, sahibkar kimi əmlak vergisinə isə cəlb edilmir. Fiziki şəxs binaları, eləcə də su, hava nəqliyyatını vergi ödəyicisi kimi VÖEN altında aldığı halda da əmlak vergisini müəssisələr kimi hesablayıb ödəmir. Çünki Vergi Məcəlləsinin 197.1.3.-cü maddəsinə görə, sahibkarların əmlak vergisi hesablananda binalar, su və hava nəqliyyatı nəzərə alınmır. Maddədən görürük ki, azadolma aktivlərə şamil edilir, yəni orada mülkiyyətin birbaşa fiziki şəxsə və ya sahibkar kimi vergi ödəyicisinə aid edilməsi yazılmayıb.

Məcəllənin 199.4.3.-cü maddəsinə görə, sahibkarlıq fəaliyyətində istifadə edilməyən minik avtomobilləri əmlak vergisindən azaddır. Deməli, sahibkarlıq fəaliyyətində istifadə edilən minik avtomobillərinə görə əmlak vergisi hüquqi şəxslərdə olduğu kimi hesablanıb ödənilməlidir. Bununla yanaşı, şəxsi yük avtomobilləri sahibkarlıq üçün istifadə edildikdə müəssisələr kimi onlara da əmlak vergisi hesablanır.

Avadanlıqlar üçün Vergi Məcəlləsində xüsusi hallardan başqa, yəni müəyyən fəaliyyətdə istifadə edilənlərlərdən başqa ümumi azadolma və ya güzəşt nəzərdə tutulmayıb. Odur ki, ümumi səciyyəli avadanlıqlar da sahibkarlıq fəaliyyətində müəssisələr kimi əmlak vergisinə cəlb edilir.

Bəs fiziki şəxs sahibkarların əmlak vergisi necə hesablanılır? Vergi Məcəlləsinin 202.1-ci maddəsinə əsasən, vergitutma məqsədləri üçün müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür.


Əvəzləşdirmənin sonrakı hesabat dövrünə keçirilməsi mümkündürmü?


Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri hesablanarkən müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.

Maddəin müddaəlarından görünür ki, fiziki şəxs sahibkarlar da əmlak vergisini hüquqi şəxslər kimi əsas vəsaitlərin orta illik qalıq dəyərinə 1% vergi dərəcəsi tətbiq etməklə hesablayırlar.

Misal: 2022-ci ildə sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxs öz mülkiyyətində olan avtomobildən sahibkarlıq məqsədləri üçün istifadə edib. Bundan əlavə, 50.000 manatlıq yük nəqliyyat vasitəsini özünun VÖEN-i altında, 20.000 manatlıq nəqliyyat vasitəsini isə şəxsi adı ilə alıb. Bundan əlavə, şəxsi adına 100.000 manata aldığı qeyri-yaşayış sahəsindən ofis kimi istifadə edir. Sahibkarlıq fəaliyyəti üçün 40.000 manatlıq avadanlığı VÖEN-i ilə alıb, şəxsi istifadəsində olan digər əsas vəsaitləri sahibkarlıq məqsəldəri üçün istifadə edib. Bu halda fiziki şəxs olan sahibkar əmlak vergisini necə hesablamalıdır?

Sahibkarlıq fəaliyyətində istifadə edilmiş fərdi avtomobil nəqliyyatı faktiki olaraq alış qiyməti məlum olmadığına görə nəzərə alınmayacaq. Əgər kasko sığortası ilə sığortalanmış olsa, onda faktiki sığorta dəyəri formalaşır və sığorta dəyərinə 1% əmlak vergisi tətbiq edilir.

50.000 manatlıq yük avtomobili VÖEN ilə alındığına görə nəzərə alınır. Onu da nəzərə alaq ki, amortizasiya hesablanmayıb. 20.000 manatlıq nəqliyyat vasitəsini şəxsi adı ilə almağına baxmayaraq, dəyəri formalaşdığına görə nəzərə alınır. 100.000 manatlıq ofis sahəsi nəzərə alınmır, 40.000 manatlıq avadanlıq isə nəzərə alınır. Şəxsi istifadə üçün alınmış digər əsas vəsaitlər dəyəri olmadığına görə nəzərə alınmır.

Beləliklə, əmlak vergisi məqsədləri üçün sahibkarın əsas vəsaitlərin orta illik qalıq dəyəri belə hesablanacaq:

50.000+20.000+40.000 = 110.000 manat.

Bəs dəyəri formalaşmamış əsas vəsaitlər dəyəri qiymətləndirilməklə əmlak vergisinə cəlb edilməlidirmi?

Vergi Məcəllənin 202.1.1-ci maddəsində də göstərilib ki, yenidənqiymətləndirmə nəticəsində yaranan artım əmlak vergisi məqsədləri üçün nəzərə alınmır.Yəni, şəxsi nəqliyyat vasitəsi, digər əsas vəsaitlər qiymətləndirilsə də, əmlak vergisi üçün qəbul edilmir.

Həmin əsas vəsaitləri qiymətləndirib, amortizasiya hesablayıb, xərclərə salmaq olarmı?

Vergi Məcəlləsinin 143-cü maddəsində aktivlərin dəyərinin formalaşması prinsiplərı qeyd edilib. Orada yenidənqiymətdimə dəyəri aktivin dəyərinin formalaşmasına aid deyildir, ona görə də belə amortizasiyalar xərcə salınmır.

Bəs vergi ödəyicisinin şəxsi adına alınmış 20.000 manatlıq nəqliyyat vasitəsinə amortizasiya hesablamaq olarmı? Əlbəttə, olar. Çünki həmin nəqliyyat vasitəsi birbaşa fiziki şəxsin öz adına alınmasına baxmayaraq, alış dəyərinin sənədləri vardır və sahibkarlıq məqsədləri üçün istifadə edilib.

Mənbə: vergiler.az


Şirkət faizsiz borcu təsisçiyə geri qaytararkən hansı vergi öhdəliyinə əməl edilməlidir?