Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri də işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasıdır. Bəs bu hallarda əmək münasibətləri necə tənzimlənir? İntizam tənbehinin ləvği mümkündürmü?
Suallara əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova aydınlıq gətirir.
İşəgötürən işçiyə intizam tənbehi tədbirini tətbiq etmək hüququna malikdir. Eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etmək ayrı-seçkilik sayılır.
Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam vermək.
İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Qanunvericilikdə göstərilən intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
Onu da qeyd edək ki, Əmək Məcəlləsindən də aydın olduğu kimi, işçiyə həm töhmət verib, həm də kollektiv müqavilələrdə nəzərdə tutulan aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə tətbiq etmək olmaz, yalnız sadalanan hallardan birini tətbiq etmək olar.
Həmçinin, sadalanan halların istənilən biri tətbiq edilir, burada müyyən ardıcıllıq, üstünlük yoxdur.
Misal 1
Tutaq ki, işçi müəssisədən oğurluq edib. Bu, onun birinci addımıdır. Belə hallarda işçiyə müəssisə rəhbəri (vəzifəli şəxs) ilk olaraq töhmət verə, yaxud Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə birbaşa əmək müqaviləsinə xitam verə bilər. Burada xüsusi tələb və ardıcıllıq göstərilmir.
İntizam tənbehinin verilməsi qaydaları aşağıdakı kimidir:
– İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
– İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir.
– İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
– İntizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmr (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.
İntizam tənbehi həvalə edilən vəzifəli şəxslərdən başqa, digər vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq belə tənbeh işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri (sərəncamı, qərarı) hüquqi qüvvəsi olmayan yararsız (əhəmiyyətsiz) əmr (sərəncam, qərar) hesab edilir.
Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən, intizam tənbehinin verilməsi şərtləri aşağıdakı kimidir:
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yerində olmadığı müddətdə işçiyə intizam tənbehi verilə bilməz.
3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin (sərəncamın, qərarın) surəti ona təqdim olunmalıdır.
4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.
Misal 2
Mühasib işçinin aylıq əməkhaqqını hesablayarkən səhvə yol verib. Bu səbəbdən o, müəssisə direktoru tərəfindən intizam tənbehinə cəlb edilib. Daha sonra audit yoxlanışı zamanı yenidən səhv aşkarlanıb. Bu halda mühasibə təkrar tənbeh verilə bilməz.
İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi Əmək Məcəlləsinin 190-cı maddəsinə görə, intizam tənbehi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda xitam verilərsə, intizam tənbehi istisna olmaqla) verilən gündən altı ay müddətində qüvvədə olur.
İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, daxili əmək və intizam qaydalarını pozmazsa, işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
İşçiyə intizam tənbehi verilərkən o, işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, daxili intizam qaydalarına əməl etdiyinə görə işçi bu Məcəllənin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.
Misal 3
İşəgötürən işçiyə işdə yol verdiyi nöqsana görə töhmət verib. Bundan 2 ay keçdikdən sonra işçiyə birdəfəlik mükafat verilib. Bu halda işçinin töhməti qüvvədən düşmüş hesab edilmir. Çünki qeyd edilən mükafat görülən işin keyfiyyətinə görə ödənilən mükafat deyil.
Mənbə: vergiler.az










