2026-cı ilin yanvar–iyun ayları ərzində dövlət büdcəsinin gəlirləri 19 179,2 milyon manat, xərcləri 16 775,5 milyon manat olub, 2 403,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
2026-cı ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 18828,9 milyon manat proqnoza qarşı 19179,2 milyon manat və yaxud 350,3 milyon manat (1,9 faiz) çox icra edilib. Bu, cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 49,7 faizinə bərabərdir.
Dövlət büdcəsinin gəlirlərinin 8 842,7 milyon manatı və ya 46,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6 420,0 milyon manatı və ya 33,5 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3 143,6 milyon manatı və ya 16,4 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 350,7 milyon manatı və ya 1,8 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 28,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 394,0 milyon manatı və ya 2,1 faizi sair daxilolmaların payına düşür.
2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16 775,5 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 40,2 faizinə bərabər olub.
2026-cı ilin birinci yarısında icmal büdcənin gəlirləri 24 413,9 milyon manat, xərcləri isə 19 824,3 milyon manat icra olunub.
Mənbə: vergiler.az










