Vergi Məcəlləsinin 24.1.6-1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. Həmin fəaliyyət sahələrindən biri də dərzilikdir.
“Business Service Center” MMC şirkətinin Maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Jalə Abbasova dərzilərin vergi və sosial ödənişlərlə bağlı öhdəliklərini açıqlayıb.
“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.
Qanunvericiliyin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşma müqaviləsi bağlanıldıqda bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqlarını tam məbləğdə ödədikdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir.
Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) dərzi fəaliyyəti ilə məşğul olan şəxslər Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyiciləridir. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit məbləğlə müəyyən edilir. Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit 10 manat müəyyən olunub.
Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
– Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;
– Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0;
– digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;
Misal: Tutaq ki, fiziki şəxs Bakı şəhərində fərdi qaydada dərzi fəaliyyəti ilə məşğuldur. Onun vergi öhdəliyi aşağıdakı kimi hesablanır:
10 x 2 (əmsal) = 20 manat.
Gədəbəy rayonunda bu məbləğ 5 manat təşkil edir:
10 x 0.5 (əmsal) = 5 manat.
“Sosial sığorta haqqında” qanunun 14.5.1-1.2 maddəsinə əsasən, dərzi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 5 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Qanunun 14.5.1-2 maddəsinə əsasən, aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:
– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
– Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
– Digər şəhər və rayonlarda – 1,0.
İcbari tibbi sığorta məbləği isə minimum əməkhaqqının 4%- i məbləğində hesablanır.
2026-cı ildə minimum əməkhaqqı 400 manat olduğunu nəzərə alsaq, Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən dərzi üçün həmin məbləğlər aşağıdakı kimi hesablanır:
Məcburi dövlət sosial sığorta haqqı: (400 x 5%) x 2 (əmsal) = 40 manat;
İcbari tibbi sığorta haqqı: 400 x 4% = 16 manat.
Qeyd edək ki, sadələşdirilmiş vergi ödəyiciləri üçün hesabat dövrü rübdür.
Əgər sabit vergi ödəyicisi kimi fəaliyyət göstərən dərzi muzdlu işçi kimi əmək müqaviləsi bağlayarsa, mükəlləfiyyəti sadələşdirilmiş vergi üzrə sabit vergi ödəyicisi kimi deyil, dövriyyədən və ya könüllü olaraq sadələşdirilmiş vergi və ya gəlir vergisi ödəyicisi kimi davam edəcək.
Mənbə: vergiler.az









