Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində layihənin icrasına davam edir. Bu ilin əvvəlində Bank Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.
Layihə çərçivəsində bu dəfə Bakının Nərimanov, Suraxanı, Yasamal, Qaradağ, Xəzər, Nizami, Binəqədi, Xətai və Nəsimi rayonları, həmçinin Abşeron, Şamaxı, Qobustan, Füzuli, Mingəçevir, Astara və Salyandan, ümumilikdə 39 nəfər işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib.
Qeyd edək ki, cari ilin aprel ayından başlayaraq Kapital Bank biznesə başlamaq üçün ümumilikdə 83 nəfərə dəstək göstərib. Bu layihə ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına öz töhfəsini verəcək.